Azərbaycanda bir sıra xarici ölkələrə uçuşların bərpa edilməsində aktivlik müşahidə edilir. Misal olaraq, 2020-ci ilin 2 iyul tarixindən başlayaraq Azərbaycan Hava Yolları (AZAL) həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək. Türk Hava Yolları (THY) aviaşirkəti isə iyulun 1-dən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.
Bəs, görəsən, uçuşların bu istiqamətdə bərpa edilməsi ölkədəki turizm şirkətlərinin fəaliyyətində nə kimi canlanma yaradıb?
Gezmeli.az -dan “Report”a istinadən xəbər verir ki bu barədə turizm sahəsi üzrə ekspert Rəhman Quliyev aviaşirkətlərdən narazı olduğunu ifadə edib:
“Pandemiyanın yayılması ilə Azərbaycanda bir sıra fəaliyyət sahələrində müəyyən fasilələr yarandı. Ölkə rəhbərliyinin tələb və tövsiyələrinə uyğun olaraq, turizm şirkətləri işçi ixtisarı etmədi. Turizm şirkətlərinə bir aylıq əməkhaqqı yardımı oldu. Digər ayların əməkhaqlarını, icarə xərclərini və digər xərcləri turizm şirkətləri özləri qarşıladılar. Çünki ümid edirdilər ki, bir neçə aydan sonra reyslər müəyyən qədər bərpa olacaq və onlar da həmin reyslərdən satışlar edəcəklər. Nəticədə reabilitasiya baş verəcək. Lakin, təəssüf ki, həm AZAL, həm də Türk Hava Yolları turizm şirkətlərini bu məsələdə qıraqda qoydular. Uçuşların bərpa edilməsinə baxmayaraq, turizm şirkətlərinə verilən əvvəlki satışı bu dəfə aviaşirkətlər vermədilər. Nəticədə turizm şirkətlərinin bağlanılması məcburiyyəti yaranacaq və onlarda çalışan əməkdaşların ixtisara düşməyi qaçılmaz olacaq. Turizm şirkətlərində on minlərlə işçinin ixtisara düşəcəyi qaçılmazdır. Aviaşirkətlər bilet satışının turizm şirkətlərinə verilməməsinin səbəbi kimi pandemiya dövrünün olmasını, insanların kassalara axının qarşısını almaq və bilet satışını onlayn etmək istəməsini göstərir. Amma nəzərə almaq lazımdır ki, turizm şirkətləri də onlayn işləyirlər. İndi bütün biletlər elektron versiyada yazılıb müştərinin elektron qutusuna göndərilir. Müştəri də pulunu elektron şəkildə ödəyir”.
R.Quliyevin sözlərinə görə müştərilər turizm şirkətlərinə aviaşirkətlərdən şikayətlər edirlər:
“Müştərilər turizm şirkətlərinə müraciət edərək aviaşirkətlərlə birbaşa əlaqə yarada bilmədiklərini, onlara məktublar yazsalar da, cavabının gəlmədiyini bildirir və kömək istəyirlər. Müştərilər bizə zəng vurub aviaşirkətlərin sistemlərinin donması, biletin qaytarılması şərtlərini müştərilərə izah edən şəxsin olmaması, hər hansı problem olanda aviaşirkətlərin zənglərə və məktublara cavab verməməsi barədə şikayətlər edirlər. Müştəri turizm şirkətləri ilə birbaşa işləyəndə onlar hər biletin üzərinə çox kiçik məbləğ qoyaraq ona xidmət göstərir. Müştəri də əlavə vaxt itirmir. Şirkət onun bütün məsələlərini həll edir. Satışı turizm şirkətinə verməyəndə isə şirkət müştərinin problemlərini həll etməkdə çətinlik çəkir”.
Ekspert turistin maarifləndirilməsi baxımından turizm şirkətlərinin rolunu ön plana çəkib:
“Əvvəllər turizmçilər müştərilərini maarifləndirirdi. Onlar müştərilərin hara getmələrini nəzarətdə saxlayıb onların istəklərinə uyğun yönləndirirdi. İstanbula gedən şəxsin başqa bir Avropa ölkəsinə də uçuşu vardısa, turizm şirkəti onu hansı saatda yola çıxmaq, nə qədər ara məsafəsi saxlamaq, gedəcəyi yerdə hansı problemlərlə üzləşəcəyi barədə məlumatlandırırdı. Müştəriləri maarifləndirməkdə turizm şirkətlərinin rolu danılmaz idi. Bu gün isə turist aviaşirkətlərin saytında tam məlumat almaqda çətinlik çəkir. Turizm şirkəti də bilet satmayanda hansısa müştəriyə informasiya vermək məcburiyyətində deyil. Ona görə də gərək aviaşirkətlər turizm agentlikləri ilə əməkdaşlıq etsinlər. Bu beş ay ərzində turizm şirkətləri öz büdcələrindən xeyli xərc çəkmişdilər və ümid edirdilər ki, reyslər açılandan sonra reabilitasiya olacaq. Təəssüf ki, aviaşirkətlər turizm şirkətlərini oyundan kənarda qoydular”.