Ev Turizm Xəbərləri Turizm Azərbaycana Ermənistanın dövlət büdcəsindən artıq gəlir gətirməyə başlayıb – 3 milyarddan...

Turizm Azərbaycana Ermənistanın dövlət büdcəsindən artıq gəlir gətirməyə başlayıb – 3 milyarddan çox…

turizm

“Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib: “Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq, bütövlükdə, nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda, bütövlükdə, 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır”.

Danılmaz faktdır ki, Azərbaycan turizmi artıq inkişaf dövrünü yaşayır. İstirahət üçün ölkəmizi seçən xarici vətəndaşların sayı günü-gündən artır. Təbii ki, turist sayının bol olması ölkəyə daxil olacaq valyutanın həcminin artmasına səbəb olur.

Ancaq Ermənistanda isə vəziyyət turizm baxımından bərbaddır. Erməni mətbuatı bu günlərdə Ermənistanın turist həsrətində olması haqqında məqalə hazırlayıb. “News.am” saytı qeyd edir ki, Ermənistanın turizm sektorunda geriləmə yaşanır. “Artıq bu sahədə də ciddi geriləmə var – Ermənistana gələn turistlərin sayında ciddi azalma müşahidə edilir”.

Sevindirici haldır ki, Azərbaycan turizmin inkişafına görə qonşu ölkələri qabaqlayıb. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda, bütövlükdə, 4,3 milyard manat pul xərcləyiblər.

Qeyd edək ki, Azərbaycanın turizmdən götürdüyü gəlir Ermənistanın dövlət büdcəsindən çoxdur. Məlumat üçün bildirək ki, regionda ən az büdcə Ermənistana məxsusdur. Ermənistanın dövlət büdcəsi 1 trilyon 822 milyard dram təşkil edəcək. Bu, 6 milyard 455 milyon manata bərabərdir. Bu isə o deməkdir ki, işğalçı ölkənin büdcəsi Azərbaycandakından 4 dəfədən də çox azdır.

“Turist keyfiyyət və gözəlliyə önəm verir, ancaq Ermənistanda bu sahədə vəziyyət bərbaddır”

Məsələ ilə bağlı fikir bildirən turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov qeyd etdi ki, hazırda dünyanın bir çox ölkəsində turizmdən gələn gəlir ölkə büdcəsinin əsasını təşkil edir. Ona görə də dünya dövlətləri arasında turizmin inkişafı xüsusi əhəmiyyət kəsb edir: “Daşınmaz tarix və mədəniyyət abidələri hər bir ölkənin tarixinin və mədəniyyətinin əyani sübutudur. Bu abidələrin mühafizə edilməsi və qorunması nəinki ölkənin tarixinin və mədəniyyətinin yaşadılaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir, eyni zamanda, bu abidələr məxsus olduğu ölkə büdcəsinin gəlir mənbəyinə çevrilir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda Azərbaycan turizmi inkişaf dövrünü yaşayır. Bunu ölkəmizə gələn turistlər təsdiq edir. Ancaq düşmən ölkənin turizm sektoru çöküş səviyyəsindədir. Çünki bu ölkənin infrastrukturu, tarixi məkanları, həmçinin, istirahət mərkəzləri və otellər də turistlərin diqqətini cəlb etmir: “Bəllidir ki, turist keyfiyyət və gözəlliyə önəm verir. Ancaq Ermənistanda bu sahədə vəziyyət bərbaddır”.