Hazırda yay mövsümü ilə əlaqədar bir çox turizm bölgələrimizdə kirayə verilən fərdi evlər olmasa, hotellərin qiyməti daha baha olar.
Bunu Oxu.Az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı turizm bölgələrindəki fərdi evlər və hotellərin qiymətlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, yalnız yay mövsümündə kirayə evlərə daha çox tələb olduğu üçün bu aylarda qiymət artımı müşahidə olunur:
“Bu da tələbin artımından asılıdır. Tələb artdıqca həmin fərdi evlərin sahibləri qiyməti qaldırır. Bu, təxminən üç aylıq müddəti əhatə edir. Bunu təbii qarşılamaq lazımdır.
Bizim kənd turizmi kimi təqdim etdiyimiz obyektlər olmasa, hotellərdə qiymətlər daha baha olar. Həmin fərdi evlərin hesabına regionlardakı hotellərdə az da olsa, rəqabətlilik yaratmaq olur. Bu mənada, hotellər kəskin tələb olmadığına görə qiyməti o qədər də artırmır. Amma yay mövsümü üçün respublikanın turizm zonalarındakı aşağı təhcizatlı hotellərdə qiymət 50-60 manatdan başlayır. Halbuki onları funksionallıq baxımından hotel kimi təqdim etmək olmaz. Bu baxımdan, hesab edirəm ki, bu gün kənd turizminin inkişafına ehtiyac var.
Regionların özlərində belə, kəndlərdən asılı olaraq qiymətlər dəyişir. Məsələn, turizm üçün əlverişli regionlardakı kəndlərdə qiymətlər minimum 30 manatdan başlayır. Elə evlər var ki, onların gündəlik qiyməti 250 manatdan da bahadır. Həmin evlər iki və daha çox ailəni, 15 nəfərdən çox turisti qəbul etmək imkanına malikdir”.
Ekspert əlavə edib ki, bu yay mövsümündə rayonlardakı fərdi evlərə tələbat ötən illərdən aşağı olub:
“Düzdür, qiymətlərdə artım var. Amma aparılan tətqiqatlar göstərir ki, bu yay mövsümündə rayonlardakı fərdi evlərə tələbat ötən illərlə müqayisədə aşağı olub. Ola bilsin ki, bu, havaların nisbətən sərin keçməsi ilə bağlıdır”.
Mərkəzin rəhbəri bildirib ki, ümumiyyətlə, orta səviyyədə olan ikiotaqlı fərdi yaşayış evinin qiyməti təqribən 40-50 manatdan başlayır:
“Maksimum qiymətlər isə evin vəziyyətindən asılıdır. Yəni otaqların sayı beşdən çox, evin həyəti böyük, hovuzu varsa, qiymət 250 manatdan yuxarıdır.
Hotellərdə isə qiymətlər kəskin yüksəkdir. Məsələn, Qəbələdə yay mövsümündə bir nəfər üçün nəzərdə tutulan, amma iki nəfərin qaldığı otağın qiyməti minimum 100-110 manatdan başlayır. Ailə üçün otaqlar 400-450 manat olur. Xidmətin keyfiyyəti və digər baxımdan hotellər daha təminatlı və sərfəlidir. Amma qiymət baxımından fərdi yaşayış evləri yaxşıdır”.
R.Osmanlı qeyd edib ki, bu il turistlərin daha çox maraq göstərdiyi regionlar Quba, Xaçmazın Nabran kimi tanıdığımız istirahət məkanı, Qusar, Masallı, Lerik, Yardımlı, Lənkəran, İsmayıllı, Qəbələ, Şamaxı, Oğuz və Şəkidir:
“Regionun məsafəsi uzandıqca oraya turistlərin axını azalır. Həftəsonları turistlərin axını daha çox müşahidə olunur. Daşkəsən, Tovuz və Gədəbəy kimi rayonlar turizm baxımından əlverişlidir. Amma həmin bölgələrə getmək vaxt tələb edir”.