Turizm problemini həll etməyin yolları
Azərbaycan turizm
“Azərbaycanda turizm müəssisələrinə, o cümlədən hostellərə nəzarət üçün mütləq mexanizm yaradılmalıdır”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hostellərin qeydiyyatını aparmadığından onların sayını müəyyənləşdirə bilmir. Ona görə də mütləq reyestr hazırlanmalı və hostellərin adları oraya daxil edilməlidir:
“Hostellərin sayı yalnız vergilər orqanlarında olur. Bu, düzgün deyil. Necə ola bilər ki, neçə hostelin açılmasından Mədəniyyət və Turizm Nazirliyinin məlumatı olmur? Məlumat olmadıqda işi təşkil etmək çox çətindir.
Çünki informasiya olmadıqda ölkədə nə qədər hotel, hostelə ehtiyacın olduğunu müəyyənləşdirmək mümkün deyil. Buna görə də yeni açılan turizm müəssisələrinin hamısı nəzarət mexanizmindən keçməlidir”.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bir müddət əvvəl bildirib ki, turizm müəssisələrinə nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar.
O bildirib ki, belə bir təcrübə müxtəlif dünya ölkələrində var: “Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır. Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar”.