Ev Gəzməli yerlər Gəzəyənlər Turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir

Turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir

Son illər Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi qeyri-neft sektorundan gələn gəlirləri artırır, ölkənin iqtisadi potensialını möhkəmləndirir. Bu sahədə infrastrukturun və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər var. Ölkəyə gəliş-gediş, o cümlədən viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir. Ölkəmizə turist axını özünü maliyyə statistikasında da göstərir. Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər plastik kartlar vasitəsilə 1 milyard 119 min manatlıq bank əməliyyatlarını həyata keçirib. Əməliyyatların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon manat və ya 28 faiz artıb.

Azərbaycan

Ötən il bütün dünyadan olan turistlər 1,4 milyard xaricə səfər ediblər ki, bu da bir il öncəki göstəricidən 6 faiz çoxdur. Bu barədə BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb. Təşkilatın məlumatına görə, 2018-ci il turizm sahəsi üçün son səkkiz ilin ən uğurlu göstərici olub. UNWTO-nun proqnozuna əsasən, bu göstəriciyə 2020-ci ildə nail olmaq nəzərdə tutulurdu. Turistlər Orta Şərqə (+10 faiz) və Afrikaya (+7 faiz) daha çox səfər etməyə başlayıblar. Asiya-Sakit Okean regionuna və Avropaya səfərlərin sayı isə 6 faiz artıb. Ötən il Avropada xaricə səfər edən turistlərin sayı 713 milyona çatıb. Asiya-Sakit Okean regionunda 343 milyon, Afrikada 67 milyon, Yaxın Şərqdə 64 milyon, Şimali və Cənubi Amerika ölkələrində isə 217 milyon turist qeydə alınıb.

2018-ci ildə Azərbaycana gələn 2 milyon 850 min turist 2 milyard dollara yaxın pul xərcləyib

Ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam relizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən turistlərin sayı ildən-ilə artır.

Bildiyiniz kimi, son illərdə ölkəmizə üz tutan turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox – 2 milyon 850 min turist gəlmişdir.

Azərbaycan

Bu sözləri Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda deyib.

Prezident vurğulayıb: “Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə – Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

Bu gün dünyanın hər tərəfindən ölkəmizə turist gəlir

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5 faizi yanvar, 5,8 faizi fevral, 9,7 faizi mart, 7,7 faizi aprel, 7,3 faizi may, 9,5 faizi iyun, 11,6 faizi iyul, 11,3 faizi avqust, 8,1 faizi sentyabr, 7,4 faizi oktyabr, 7,5 faizi noyabr, 7,6 faizi isə dekabr ayında ölkəyə gəlib.

Azərbaycan

2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,0 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb. İrandan gələnlərin sayında 33,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8,3 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2017-2018-ci il arasında müqayisə

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 1044,2 min nəfər olub.

Turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5 faizi dəmir yolu və avtomobil, 41,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

Bütün bu sadalananlar deməyə əsas verir ki, bu gün Azərbaycan dövlətinin turizm sahəsinə qoyduğu sərmayə öz bəhrəsini verir. Tikilən yeni və müasir otellər, çəkilən dünya standartlarına uyğun yollar, bir sözlə qurulan infrastruktur Azərbaycanı daha da cəlbedici edib. Bu sıraya xalqımızın özünəməxsus qonaqpərvərliyini və zəngin qida rasionalını da əlavə etsək deməli ölkəmizə üz tutanların ildən-ilə daha da artacağını düşünmək olar. Hələ bu siyahıya yeni yaranan Azərbaycan Dövlət Turizm Agentliyinin son zamanlar gördüyü və planlaşdırdığı işləri, layihələri də nəzərə alsaq əminliklə deyə bilərik ki, yaxın illərdə Azərbaycan nəyinki Cənubi Qafqazın, hətta dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevrilə biləcək.