Ötən il ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2 867 TEU konteyner daşınıb.
“APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-avqust aylarında isə bu rəqəm 2 544 TEU konteyner olub. 2019-cu ilin yanvar-iyul aylarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə TIR ilə 171 min ton yük daşınıb ki, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur.
“Azərbaycan-Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır. Bu əməkdaşlıq ölkələrimizin iqtisadiyyatına böyük fayda verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verir”, – deyə nazir bildirib.
O həmçinin əlavə edib ki, ölkələr arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir. Belə ki, 2018-ci ildə Türkiyədən Azərbaycana səfər edənlərin sayı 291 259 nəfər təşkil edərək 3-cü yerdə qərarlaşıb. 2019-cu ilin ilk 8 ayında isə bu rəqəm 203 703 nəfər olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artıb.
“1 sentyabr 2019-cu il tarixindən Azərbaycana 30 gün müddətinə gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsi bu rəqəmin bir qədər də artmasına gətirib çıxaracaq“, – deyə nazir qeyd edib.