Türkiyədə həyata keçirilən çoxistiqamətli inkişaf prosesində regional iqtisadi layihələr mühüm yer tutur. Yeniləşən yol infrastrukturu, yeni ərsəyə gələn su anbarları, kənd təsərrüfatı və heyvandarlıq məhsullarına dair sənaye müəssisələrinin qurulması əyalətlərdə həyat tərzini yüksəldir.
Prezident Rəcəb Tayyib Ərdoğanın ölkənin Rizə vilayətində səfəri bu bölgənin yaxın gələcəkdə daha sürətlə inkişaf edəcəyini və bütün göstəriciləri ilə Türkiyənin ən cəlbedici məkanlarından birinə çevriləcəyini təsdiqləyib. Əhali Rəcəb Tayyib Ərdoğanı böyük izdihamla qarşılayıb. Yerli sakinlərlə görüşüb söhbət edən dövlət başçısı Rizənin Çamlıhemşin rayonunun Aydər yaylağında görülən yenidənqurma işləri ilə tanış olub. Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, yeni infrastruktur bütün göstəriciləri ilə bölgə üçün cəlbedicilik yaradacaq. Hədəf bölgəni 2022-ci ildə turizm üçün açmaqdır.
Qeyd edək ki, Aydər yaylağında 21 min 614 hektar əraziyə xüsusi mühafizə olunan təbiət qoruğu status verilib. Bölgənin avtomobil yolu və infrastrukturu yenilənib. Burada ən qısa zamanda qonaq evləri və yeraltı avtopark tikiləcək. İnşa ediləcək Hava Limanı bölgəyə gediş-gəlişi daha da asanlaşdıracaq. Bütün bu işlər təbiətin dilbər guşəsində maraqlı istirahət mərkəzlərinin qurulması ilə bərabər, yeni-yeni iş yerləri yaradır. Bir sözlə, Türkiyənin Aydər yaylağındakı yenidənqurma işləri bölgəyə yeni nəfəs gətirir.