Ev Turizm Xəbərləri Türkiyənin turizm tarixinin ən böyük təqdimat kampaniyası başladılıb

Türkiyənin turizm tarixinin ən böyük təqdimat kampaniyası başladılıb

turizm

Türkiyənin 2023-cü ilə olan hədəfi – “75 milyon turist” üçün ölkənin turizm tarixinin ən böyük təqdimat kampaniyası başladılıb.

Bu məqsədlə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Təqdimat və İnkişaf Agentliyi yaradılıb.

Dövlət və özəl şirkətlərin iştirak edəcəyi kampaniyada ümumilikdə 5 milyard türk lirəsinin xərclənəcəyi nəzərdə tutulur. Bundan əlavə Türkiyənin dünyada tanıdılması məqsədilə hazırlanan videoçarxlara hər il ayrılan 18 milyon dollar vəsait kampaniya çərçivəsində bir neçə dəfə artırılıb. Ölkənin dünyada tanıdılması məqsədilə artıq 20 reklam filmi çəkilib.

Kampaniyanın əsas hədəfləri ölkəyə gələn turist sayını fəsillərdən asılı olmayaraq bərabərləşdirmək və Türkiyəyə gələn xarici vətəndaşları ölkənin 81 şəhərinə cəlb etməkdir.

Bu məqsədlə ölkənin hava, dəniz və quru yollarında fəaliyyət göstərən nəqliyyat şirkətlərinin işlərində yeniliklərin edilməsi də gözlənilir. Türkiyənin bəzi bölgələrinə sürətli qatar yolunun çəkilməsi planlaşdırılır.

Bu il start verilən kampaniyanın ilk nəticələri artıq görülür. Belə ki, son hesablamalara görə, yay ayları ərzində ölkəyə gələn xarici vətəndaşların sayında bu il 17 faiz artım müşahidə edilib.