Ev Gəzməli yerlər Gəzəyənlər Uzunömürlülər diyarında

Uzunömürlülər diyarında

Lerik

   Lerik turistlərə nə vəd edir?

Lerik



   Azərbaycanın bölgələrində mövcud olan turizm potensialı ilk növbədə regionlarımızın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, paytaxtdan regionlara gedən yolların bərpası nəinki xarici turistlərin, eyni zamanda yerli insanlarımızın da öz istirahətlərini bölgələrimizdə keçirməsinə maraqlarını artırır. 

Turizm



   Hazırda turizm mövsümünün qızğın dövrüdür. Bu səbəbdən də Azərbaycanın turizm üçün əlverişli olan rayonları ilə bağlı bilgilərimizi oxucularımızla bölüşməyi qərara aldıq. Beləliklə, uzunömürlülər diyarı sayılan Lerikin əhalisinin sayı 67.400 nəfərdir. Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir. Buranın gözəl təbiəti, meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzunömürlü olmasını şərtləndirir. Lerikdə yay fəslində havanın temperaturu çox nadir hallarda + 25 dərəcəni keçir. Lakin yazda yağışların çox yağması bəzən yollarda gediş-gəlişi çətinləşdirir, bəzi kəndlərə gedib-gəlmək tamamilə mümkünsüz olur. 



  Abidələr yerli sakinlər tərəfindən mühafizə olunur

Lerik



   Lerik meşələrinin əlçatmaz guşələrində yaşayan bəbir və digər heyvanlar bu gün mövcud qanunlarla qorunur.
   Burada qaban, tülkü, dovşan, quş (ördək, kəklik) ovlamaq üçün hər cür şərait var. Talış dağlarının ən yüksək nöqtələri Kömürgöy (2492 m)Qızyurdu (2433 m) zirvələridir.
   Bu diyarın özünəməxsus tarixi var ki, bu da bütün Azərbaycanın mürəkkəb tarixinin ən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ Neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarix abidələri qalır. Məsələn, Daş dövründən qalmış mağara şəklində düşərgə yeri, Mistandağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.

Məqbərələr


   Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinə gedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəki qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandr Düma Cəngəmiran kəndində olmuş, sonradan öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildə təsvir etmişdir.
   Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid salamat qalıb. Rayonun bir sıra kəndlərində daşdan düzəldilmiş qoç fiqurlarının saxlanması da diqqətəlayiq faktdır. 



   Lerikdə 163 il

Leriik



  Yuxarıda qeyd etdiyimiz kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur. Məsələn, bu rayonun sakini Şirəli Müslümov (1812-1975) 163 il fəal həyat tərzi keçirərək, uzunömürlülük üzrə dünya rekordu müəyyən edib. Rayonun digər sakini Mahmud Eyvazov (1808-1958) 150 il yaşayıb. Lerikdə bu gün də yaşı bir əsri keçən, lakin əmək qabiliyyətini itirməyən onlarla sakin yaşayır.
   Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf edib. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi xanalarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfüqi xanada toxunur.
   Rayonun inzibati mərkəzi Lerik şəhəridir. Bakıdan məsafəsi 325 km olan Lerik şəhəri Talış dağlarının ətəyində, məhsuldar düzənlik sahədə yerləşir. Burada tarix-diyarşünaslıq muzeyinə getmək, Qarabağ münaqişəsinin qurbanlarının xatirəsinə ucaldılmış memoriala baxmaq mümkündür.



   «Relax»da ilin bütün fəsillərində dincəlmək olar



   Lerikə gələnlər yerli sakinlərin mənzillərində, eləcə də Lənkəran-Lerik yolu boyunca yerləşən çoxsaylı istirahət zonalarında qala bilərlər. Bunlardan «Relax», “Təbəssüm”, “Meşəbəyi”, “Xəyal”, “Ağgöl”, “Paradiz”«Şəlalə» istirahət zonaları il ərzində ən çox turist qəbul edənlərdir. Unikal təbiətli Lerikin istirahət mərkəzləri artıq xarici turistlərin də rəğbətini qazanıb.
   Rayonda fəaliyyət göstərən «Relax» Lənkəran-Lerik yolunun 34-cü kilometrliyində əsrarəngiz təbiəti olan bir məkanda yerləşir. İstirahət mərkəzinin reklam direktoru Fərhad Salmanovun dediyinə görə, «Relax» ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir: «Mərkəz 65 ailənin istirahəti üçün nəzərdə tutulmuş kotteclərdən, 3 mərtəbəli, 35 birotaqlı və 15 ikiotaqlı mənzili olan hoteldən ibarətdir. Mərkəzimizdə həmçinin 500 nəfərlik restoran-zal da mövcuddur».

Turizm sənayesi

Lerik

Qeyd edək ki, hazırda «Relax» Turizm İstirahət Mərkəzində 350 nəfərdən çox turistin istirahəti üçün hər cür şərait var. 
   Bu yerdə maraqlı bir məqamı da oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, ekspertlərin rəyinə görə, ölkəmizdə turizm sektorunun müsbət amillərə malik olması yaxın 5 ildə Azərbaycanın turizm sənayesinin rəqabət aparmaq qabiliyyətinin yüksəlməsinə imkan yaradacaq.