Donald Trampın ləğv etmək istədiyi qanuna görə, hazırda ölkənin ərazisində doğulan bütün uşaqlar, valideynləri amerikalı olmasalar belə, avtomatik şəkildə ABŞ vətəndaşı olurlar
ABŞ işgüzar məqsədli vizaları sərtləşdirir. Buna səbəb turist kimi ölkəyə gəlib uşaq dünyaya gətirərək vətəndaşlıq alanların qarşısını almaqdır.
Azərbaycan ABŞ-ın işgüzar turizm vizası ilə bağlı yeni məhdudiyyətinin Azərbaycana təsirini araşdırıb.
Qeyd edək ki, son illər Amerikada uşaq dünyaya gətirərək vətəndaşlıq alanların sayında artım var. Hətta iki il öncə ABŞ Prezidenti Donald Tramp ABŞ-da doğulan, ancaq valideynləri Amerika vətəndaşı olmayan uşaqlara vətəndaşlıq verilməyəcəyi barədə sərt çıxış etmişdi. Həmin ərəfədə prezident ölkə ərazisində doğulan miqrant uşaqlarına ABŞ vətəndaşlığı verilməsi ilə bağlı qanunu ləğv edəcəyini açıqlamışdı: “Biz dünyada yeganə ölkəyik ki, insanlar gəlir, burada uşaq dünyaya gətirirlər və bu körpə ABŞ vətəndaşı olur. Bu gülüncdür və buna son qoymaq lazımdır”.
Onun ləğv etmək istədiyi qanuna görə, hazırda ölkənin ərazisində doğulan bütün uşaqlar, valideynləri amerikalı olmasalar belə, avtomatik şəkildə ABŞ vətəndaşı olurlar.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ABŞ-a işgüzar turizm vizası ilə gedənlərin sayı son illər sürətlə çoxalır. A.Allahverənov Azərbaycandan da ABŞ-da uşaq dünyaya gətirib vətəndaşlıq alanların sayının artdığını söyləyir. Ekspert deyir ki, elə ABŞ-ın işgüzar turizm vizası qaydalarını sərtləşdirməsi də son illər müşahidə olunan axınla bağlıdır:
“Amerika hökuməti miqrantlardan yaxa qurtarmaq üçün qaydaları sərtləşdirmək niyyətindədir. ABŞ-da vətəndaşlıq alanların çoxu işgüzar turizm vizasından istifadə edənlərdir. Qaydalara görə, ABŞ-da kiçik biznes quran şəxs iki il müddətində bu ölkədə yaşamaq hüququ əldə edir. Ola bilər ki, bu iki il ərzində həmin ailədə uşaq dünyaya gəlsin. Bu zaman həmin uşaq avtomatik ABŞ vətəndaşlığı alır”.