PAYLAŞ
Yaponiya jurnalı

Yaponiyanın “International Friendship Center” (IFC) təşkilatının jurnalının sentyabr nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin məqaləsi dərc olunub.

Yapon dilində dərc edilən məqalənin əsas məqsədi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin Yaponiya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycanın tarixi, müstəqilliyinin bərpasından sonra qazanılan uğurları vurğulamaqdır. Avropanın enerji təminatında rolu, regionda beynəlxalq layihələr barədə oxucuları məlumatlandırmaqdır.

Məqalədə müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, mövcud olduğu qısa zaman kəsiyində həyata keçirdiyi mühüm islahatlar barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, həmin dövlət irqindən, cinsindən, dinindən asılı olmayaraq hər bir şəxsin bərabər hüquqlara malik olmasını təmin edib, dünyanın bir çox dövlətlərindən əvvəl qadınlara kişilərlə bərabər səsvermə hüququ verib.

Müstəqilliyin bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçiliyin inkişafı yolunda inamla addımladığı, qlobal enerji bazarında vacib yer tutduğu xüsusi vurğulanıb. Bu gün Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olmasının əcnəbilər tərəfindən də etiraf edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, hazırda Azərbaycan regiondakı nəhəng beynəlxalq layihələrdə lider rolunu oynayır. Qlobal enerji bazarında əsas ölkələrdən birinə çevrilib. Azərbaycanın davamlı inkişafının bənzərsiz fenomeninin əsas səbəbləri siyasi və iqtisadi sabitlik, Prezident və xalq arasında birlik və məqsədyönlü siyasətdir.

Məqalədə Şərqlə Qərbin, eləcə də Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın dünyada aparıcı tranzit ölkə kimi özünü təsdiqlədiyi də əksini tapıb. Qeyd edilib ki, ölkəmizin tranzit imkanları nəqliyyat infrastrukturuna qoyulan investisiyalar hesabına yaradılıb.

Azərbaycanın əsrlərboyu sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olduğunu qeyd edən müəllif multikulturalizmin ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını xüsusi qeyd edib. Bildirib ki, bu gün Azərbaycan müxtəlif konfessiyaların birgə mövcud olduğu ölkədir. Azərbaycanda bir çox etnik qrupların və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar.

Məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ regionu ilə yanaşı, ətraf yeddi rayonun artıq 30 ilə yaxındır işğal altında saxlanması, nəticədə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə də yapon oxuculara ətraflı məlumat verilib. Qeyd edilib ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiqini kəskin pisləyir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən, onun suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyən dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

İki ölkə arasında gərginliyin bu gün də davam etdiyini bildirən müəllif 1994-cü ildən tətbiq olunan atəşkəs rejiminə baxmayaraq, cari ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum etməsi, nəticədə bir neçə hərbi qulluqçunun və bir mülki şəxsin həlak olması barədə də məlumat verib.

Yazıda hazırda bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumatlara da geniş yer verilib. Bildirilib ki, Azərbaycan vəziyyəti nəzarət altında saxlamaq üçün erkən və səmərəli tədbirlər tətbiq edən ilk ölkələrdən biridir. Virusun yayılmasının qarşısını almaq və onun mənfi təsirini azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hökumət geniş tədbirlər planı təqdim edib. Həmin planda, ilk növbədə, insanların həyatı və sağlamlığına, sosial müdafiəsinin təmin olunmasına xüsusi diqqət yetirilib.

Vurğulanıb ki, bu gün Azərbaycan COVID-19-la mübarizə məqsədilə beynəlxalq humanitar yardım göstərən ölkələrdən biridir. Bu isə onun həmrəyliyə və əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir. Bununla yanaşı, COVID-19-la mübarizədə birlik ruhunu nümayiş etdirən Azərbaycan bir sıra çoxtərəfli görüşlər keçirib. Bu sahədə beynəlxalq əməkdaşlığa töhfə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan COVID-19-a qarşı qlobal səylərin gücləndirilməsi məqsədilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təklifini irəli sürüb. Bu təklif quruma üzv olan 130 ölkə tərəfindən dəstəklənib. Bu da beynəlxalq səviyyədə Azərbaycana olan etimad və inamın göstəricisidir.

Yazıda Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasındakı münasibətlər hər iki xalqın rifahına xidmət edən ümumi maraq qurulub. Azərbaycan və Yaponiya demokratiya, azad bazar iqtisadiyyatı, insan hüquqları, dünyada sülhə və sabitliyə töhfə verilməsi kimi ümumi dəyərləri bölüşür. Diplomatik əlaqələrin qurulmasının ilk illərindən bəri bu amillər əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradıb.

Məqalədə Azərbaycan ilə Yaponiya arasında bir sıra sahələrdə əməkdaşlığa və potensial layihələrə də toxunulub. Diqqətə çatdırılıb ki, yeni sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, nəqliyyat, tranzit, turizm, ətraf mühit, informasiya və rabitə texnologiyaları, su sənayesi və irriqasiya, alternativ və bərpa olunan enerji mənbələri böyük potensiala malikdir. Azərbaycan bundan sonra da Yaponiya ilə güclü və davamlı qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi əzmindədir.

Qeyd edək ki, IFC Yaponiyada uzun müddət ərzində beynəlxalq əlaqələr qurulur. Müxtəlif xarici dövlətlərin bu ölkə ilə ikitərəfli münasibətlərini araşdırmaqla məşğuldur. 1987-ci ildən IFC tərəfindən dərc olunan aylıq jurnal Yaponiya hökumətinə və parlamentinə, bu ölkədə akkreditə olunmuş xarici nümayəndəliklərə, beyin mərkəzlərinə və digər qurumlara təqdim olunur.