Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Xeymə Əmirliyində olub və əmir Şeyx Səud bin Saqr Əl Qasimi ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Ras Əl Xeymə əmiri Azərbaycan xalqının BƏƏ üçün əziz olduğunu bildirib, ölkəmizlə hərtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.
M.Əliyev BƏƏ-nin dost və qardaş ölkə olduğunu, Azərbaycan və BƏƏ arasındakı mövcud əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin inkişafı üçün heç bir maneə olmadığını bildirib. Diplomat əməkdaşlığın genişləndirilməsi üçün lazımi potensialın mövcud olduğunu vurğulayıb. O, Azərbaycan haqqında məlumat verərək, ölkəmizin xüsusilə də sovet və müstəqillik dövrünün tarixi, mədəniyyəti barədə ətraflı bəhs edib.
Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan danışan səfir ölkəmizin təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya və enerji layihələri, xüsusilə də Şimal-Cənub dəmir yolu xətti, TANAP və TAP layihələri barədə geniş məlumat verib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında müzakirələr aparılıb. M.Əliyev ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə danışaraq, onların 19-cu əsrin əvvəllərində İran və Türkiyə ərazilərindən gətirildiyini bildirib.
Söhbət zamanı iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Səfir son illər Azərbaycan ilə BƏƏ arasında turizm sahəsində əlaqələrin yüksək xətlə inkişaf etdiyini bildirib. İqtisadi-ticarət sahəsində də əlaqələrin genişləndirilməsinin vacib olduğunu və bu sahədə əməkdaşlıq üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Şeyx Səud bin Saqr Əl Qasimi Ras Əl Xeymə Əmirliyində turizmin inkişaf etdiyini, azad iqtisadi zonanın yaradıldığını, ticarət limanlarının, bir sıra zavod və fabriklərin fəaliyyət göstərdiyini deyib. Azərbaycan ilə qeyd olunan sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib.
Ras Əl Xeyməyə səfər çərçivəsində Əmirliyin Turizmin İnkişafı Departamentində də görüş keçirilib. Departamentin meneceri Marina Alekhiçeva bölgənin turizm imkanları, Mərcan və digər adalar barədə geniş məlumat verib.
Bildirilib ki, Ras Əl Xeyməni 2018-ci ildə 1.1 milyon turist ziyarət edib. Bu turistlərin əsasını Almaniya, Rusiya, Birləşmiş Krallıq, Hindistan, Qazaxıstan və Polşadan gələn turistlər təşkil edir. 2018-ci ildə Ras Əl Xeyməyə Azərbaycandan təxminən 350 turist səfər edib.
Səfər çərçivəsində səfir M.Əliyev “RAKEZ” ( Ras Əl Xeymə İqtisadi Zonası) iqtisadi Zonasında olmuş və icraçı direktor Məhəmməd bin Hamid Əl Qasimi ilə görüşüb.
İcraçı direktor “RAKEZ” iqtisadi zonası barədə ətraflı məlumat verib. O, “RAKEZ”in Ras Əl Xeymə hökuməti tərəfindən yaradıldığını, 50-dən çox sektorun, o cümlədən 800 sənaye şirkətinin fəaliyyət göstərdiyini, ümumilikdə isə bütün sahələr üzrə 14 500-dən çox şirkətin olduğunu qeyd edib. O, yeni fəaliyyətə başlayan sahibkarlara, sənayeçilərə lisenziyalar, iş qurmaq istəyən sahibkarlara logistik dəstək verildiyini bildirib.
Məhəmməd Əl Qasimi Azərbaycanı çox sevdiyini, 3 il bundan əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanın necə zəngin dövlət olduğunun, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycandan bütün nümayəndə heyətlərini qəbul etməyə və görüşlər keçirməyə hazır olduqlarını bildirib. Hətta Azərbaycana gedib təqdimatlar etməyə, Ras Əl Xeymədən ölkəmizə investorlar cəlb etməyə hazır olduqlarını vurğulayıb.
Ras Əl Xeyməyə səfər çərçivəsində səfir M.Əliyev “Saqr Limanı”nı ziyarət edib və limanın meneceri Adrian Person ilə görüşüb. Adrian Person “Saqr Limanı” və onun perspektivləri barədə müfəssəl məlumat verib.