Əsrarəngliyi və füsünkarlığı ilə seçilən Şarja
Birləşmiş Ərəb Əmirliklərinin mərkəzində yerləşən Şarja – bütün əmirliklər ilə sərhədi olan yeddi əmirlikdən biridir. Şarja islam mədəniyyətinin mərkəzi və BƏƏ-nin ənənəvi dəyərlərini qoruyan sipərdir. Bu gözəl əmirliyə gələn hər kəs unikal mədəni və tarixi abidələrə heyran qalır. Əyləncə sevənlər də diqqətdən kənarda qalmır, belə ki, akvapark, akvarium, “Şeytan çarxı”, safari və digər maraqlı obyektlər var.
Bir sözlə, Şarjanın turistlər arasında populyarlıqda qonşu əmirliklərə çatma şansı var. Biz buna burada keçirdiyimiz bir neçə gün ərzində əmin olduq.
Şarjanın qəlbində
Azərbaycanlı turistlər arasında səfər üçün populyar olan istiqamətlərdən biri də BƏƏ-dir. İndiyə qədər birbaşa reyslər yalnız Dubaya yerinə yetirilirdi. Və nəhayət, “Air Arabia” şirkətinin səyləri nəticəsində Şarja ilə birbaşa aviaəlaqə yaradılıb. Bakı-Şarja-Bakı marşrutu üzrə Heydər Əliyev Hava Limanının birinci terminalından həftədə 4 dəfə uçuşlar yerinə yetirilir. Aviabiletlərin qiyməti hər iki istiqamətdə 300 manatdan başlayır, bu gün üçün bu, həmin istiqamətdə mövcud olan ən əlçatan qiymətdir. Qiymətə həmçinin 10 kq-a qədər əl baqajının daşınması da daxildir. Digər loukost şirkətlərdə olduğu kimi, “Air Arabia” sərnişinləri də bilet alarkən əlavə baqajın daşınmasını və göyərtədə yemək variantını da seçə bilərlər. 2 saat 30 dəqiqə uçuş və siz nağıla bənzər, cazibədar və qonaqpərvər Şarjadasınız!
Otellər
Onu da demək lazımdır ki, Şarjada istənilən zövqə və büdcəyə uyğun hotellər tapmaq mümkündür.
Burada həm “Sheraton” və “Radisson Blu” kimi beşulduzlu kurortlar, həm də aeroportun yaxınlığında yerləşən “Centro by Rotana” iki və ya üçulduzlu hotellər də mövcuddur. Biz orta səviyyəni seçmək qərarına gəldik və şəhərin mərkəzində yerləşən dördulduzlu “Golden Tulip” mehmanxanasını seçdik. Mehmanxana Korniş şəhərinin əsas magistralının yaxınlığındadır, bu isə bizim üçün Şarja ilə tanışlığa başlamaq üçün sərfəli oldu.
Bir qayda olaraq, turistlər tarixi rayona – çoxsaylı tarixi tikililərin və məşhur abidələrin yerləşdiyi Şarjanın qəlbinə yollanırlar. Əmirliyin 16 möhtəşəm muzeyindən biri olan Şarjanın mədəni irsi muzeyi məhz burada yerləşir. Muzeyin kolleksiyasında yerli əhalinin həyat tərzi ilə tanış olmaq, məişət əşyalarını, milli geyimləri, musiqi alətlərini, bəzək əşyalarını, ədviyyatları, xalçaları, qabları və bu regiona məxsus digər atributları görmək olar. Muzey XVIII əsrin sonunda inşa edilmiş qədim evdə yerləşir, ev vaxtı ilə mirvari ticarəti ilə məşğul olan şəxsə məxsus olub. Evin memarlıq üslubu və mebelinin elementləri həmin dövrün həyat tərzini əks etdirir. Muzeydən çıxarkən sizi mütləq yüngül və gümrahlaşdırıcı, zəfəran və hil ilə hazırlanmış ərəb qəhvəsinə qonaq edəcəklər.
Alarsa bazarı
Şarjanın qəlbində, əntiq qabların, aksessuarların, silah və digər məmulatların satıldığı köhnə Alarsa bazarına getmək olar. Ümumiyyətlə, Şarjada çox sayda tarixi və müasir bazarlar mövcuddur. Onların arasında ən məşhuru – Mərkəzi bazar yer alır. Onun fasadının mavi rəngdə olması bazarın həm də Mavi bazar kimi məşhurlaşmasına səbəb olub. Bazarın binası ənənəvi ərəb üslubunda inşa edilib, burada təbii havalandırma üçün külək qalaları da var. Bu qalaların sayəsində bazara rus dilli turistlər “kiçik parovozlar” adlandırırlar.
Mərkəzi bazarın piştaxtalarında xalçalar, zinət əşyaları, ətriyyat, milli geyim, elektronika, sənət əsərləri və digər məmulatlara rast gəlmək olar. Əgər ərzaq almaq istəyirsinizsə, o zaman yaxınlıqda yerləşən həm balıq, həm də meyvə bazarını özündə birləşdirən Əl-Cübeyl bazarına getməli olacaqsınız. Bazarın girişində böyük zal var, burada ənənəvi balıq hərracı keçirilir. Hər gün balıqçılar bura təzə tutulmuş balıq gətirirlər, tacirlər tərəfindən alınaraq restoran və supermarketlərə çatdırılır. Burada qonşu pavilyonda müxtəlif dəniz məhsullarının pərakəndə satışı həyata keçirilir. Balıq pavilyonu ilə üzbəüz müxtəlif meyvələrin, tərəvəzlərin və ədviyyatın satıldığı meyvə bazarı yerləşir. Burada ənənəvi meyvələrlə yanaşı, manqo, quava, rambutan, liçi, cek, manqostin kimi ekzotik meyvələr təklif edilir.
Maarif işığı və təbiətin xəzinəsi
Biz artıq Şarjanın Əmirliklərin islam mədəniyyəti mərkəzi hesab edildiyini qeyd etmişdik. Təsadüfi deyil ki, turistlərin çoxunun görmək istədikləri İslam sivilizasiyası muzeyi burada yerləşir. Onun unikal interaktiv ekspozisiyası qədim dövrdən başlayaraq, yaşadığımız müasir dövrə qədər islam sivilizasiyasının nailiyyətlərini nümayiş etdirir. Muzeyin 14 əsri əhatə edən kolleksiyasında 5 min əşya var, bura qədim manuskriptlər, bəzək və kostyum nümunələri, vacib ixtiralar, tibbi avadanlıq da daxildir. O cümlədən də burada Azərbaycanın Mərəzə şəhərinin rəsədxanasının mərkəzi qalasından olan XIII əsrə aid astronomik alətlərin rekonstruksiyası təqdim edilib.
İslam mədəniyyəti ilə tanışlığı Əl-Nur məscidi ilə başlayır. Bu, Şarjada müsəlman olmayanların ekskursiyaya buraxılmadığı yeganə məsciddir. Bəyaz məscid, minarələr də və nəhəng tavan da özünü büruzə verən Osmanlı üslubunda inşa edilib, ekskursiya zamanı turistlərə islam dininin əsasları barədə məlumat verilir. Bundan başqa, arzu edənlər ənənəvi ərəb libaslarını da geyə bilərlər. Din və mədəniyyət üzrə verilən məlumatlar, müxtəlif ölkələrdən olan insanlara yerli ənənələri daha yaxşı anlamağa yardım edir, həmçinin dünyagörüşünün genişlənməsinə və tolerantlığın təzahürünə səbəb olur.
Məscidin yaxınlığında Əl-Nur, – ailəvi istirahət üçün əla yerdir. Sahil ilə gözəl körpü vasitəsilə birləşən adada landşaft dizaynı düşünülmüş gözəl park salınıb. Adaya giriş pulludur. Yaşıllıqlara qərq olmuş adada orijinal skamyaları, fəvvarələri və heykəlləri olan müxtəlif art-obyektlər, eləcə də insektari mövcuddur. Burada ekzotik bitkilər arasında Şərqi Asiya ölkələrindən gətirilmiş 500 növ kəpənəklər uçuşur.
Təbiət xəzinələri
Təbiətin xəzinələri ilə yaxından tanış olmaq üçün lacivərd dənizin sahilində yerləşən Şarja akvariumuna da səfər etmək olar. Sualtı dünyanın bu guşəsində regiona xarakterik olan 250-dən çox dəniz faunasının nümayəndələrini görmək olar. Dəniz suyunun olduğu nəhəng rezervuarlarda yüzlərlə akula, dəniz tısbağaları, dəniz ulduzları, dəniz atları və rəngli tropik balıqlar yaşayıb.
Mətbəx
Şarja yalnız mədəniyyət və maarif mərkəzi deyil, eləcə də yaxın şərq mətbəxindən zövq almaq üçün əla seçimdir. Səfər boyu siz həm səhər, həm də şam yeməyi zamanı dadına baxmaq istəyəcəyiniz orijinal yeməklərlə rastlaşacaqsınız. Yerli yeməklərin çoxu paxlalılardan və noxuddan hazırlanır – burada müxtəlif növ souslardan və ədviyyatlardan istifadə edilərək ənənəvi falafel, humus və s. hazırlanır. Məşhur kus-kus düyü və ədviyyatlar hazırlanır. Şarja – dənizkənarı regiondur, bu səbəbdən də burada balıq, krevet, kalmar və s. dəniz məhsulları boldur. Ərəb çörəyi bizim lavaşı xatırladır, amma bir qədər balaca və qalındır. Desert olaraq isə türk və Azərbaycan paxlavasına bənzər yerli paxlavanın dadına baxın. Əlbəttə ki, burada hər zaman yetişmiş və şirəli olan, demək olar ki, hər addım başı satılan ekzotik meyvələrin dadına baxmağı da unutmayın!