PAYLAŞ
Turizm

Sentyabrın 16-dan 22-dək Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin, ŞanxayQuançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.

Belə ki, “Azerbaijan-China Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Həmçinin Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu müqavilədən sonra Azərbaycana gələcək çinli turistlərin sayının 200 min nəfərə çata biləcəyin bildirib.

Görəsən, çinli turistlərin hesabına Azərbaycanda turizmi inkişaf etdirmək mümkün olacaqmı? Yoxsa ərəb turistlərdə olduğu kimi gələn “bir də gəlmərəm“, deyib gedəcək?

Natiq Cəfərli

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan təqdimat aparmadan əvvəl çinli turistlərin profilini çıxarmalıdır:

“Azərbaycanda turizm sahəsi ilə məşğul olanlar həmişə məsələnin sonuncu nöqtəsindən başlayırlar. Təqdimat aparmaq sonuncu nöqtədir. İlk atılacaq addım çinli turistlərin profilinin öyrənilməsidir.

Bu günə qədər Azərbaycanın turizmlə məşğul olan rəsmi qurumları bir çinli turistin profili çıxarıblarmı? Ümumiyyətlə, çinli turist nə istəyir, haralara gedir, onların davranış qaydaları necədir, maraq dairələri nədir?

Dünya turizmində çinli turistlərin böyük bazar payı var. Bu bazar payından Azərbaycan 1 faiz götürsə, kifayət qədər böyük gəlir əldə etmiş olar. Son hesablamalara görə, hər il 100 milyon çinli müxtəlif ölkələrə səfərlər edir. Çin çox böyük turizm potensialı olan ölkədir. Təbii ki, Azərbaycana Çindən gələn turistlərin sayının artması kifayət qədər ölkənin iqtisadiyyatına da, turizm sektoruna da fayda verə bilər. Lazım olan tədbirlər görülsə, çinli turistlərin hesabına Azərbaycan turizmini inkişaf etdirmək olar”.

Ekspert çinli turistlərin ərəb turistlərdən fərqli maraq dairələrinin olduğunu deyərək ilk növbədə bu istiqamətdə tədbir görülməli olduğunu qeyd edib:

“Bununla yanaşı çinli turistləri cəlb etmək üçün Çinlə viza məsələsi ləğv olunmalıdır. Çin bazarına açılmaq lazımdır, bunun üçün aviaşirkətlərin cəlb olunması, birbaşa uçuşların təşkil olunması, aviabiletlərin qiymətlərinin ucuz olması vacib şərtlərdir. Çinli turistlərin Azərbaycanda nə görmək istədiyini əvvəlcədən öyrənmək olduqca vacibdir. Çinli turist Azərbaycanda ərəb turistin istədiklərinimi istəyir? Bununla bağlı Azərbaycanın rəsmi orqanları “Çin turistinin profili” adlı bir sənəd hazırlamalıdır. Ciddi elmi araşdırmalar, başqa ölkələrin təcrübəsinin öyrənilməsi, sorğuların keçirilməsi yolu ilə bu məsələ həll olunmalıdır. Viza məsələsi də həll olunmalıdır. Düzdür, “ASAN viza”dan sonra vizanın alınması xeyli sadələşib. Ümumiyyətlə, Çinlə vizaların ləğv olunması məsələsi gündəmə gəlməlidir. Düşünsək ki, biletlər də bahadır, çünki Azərbaycandan birbaşa reyslər çox azdır və bu reyslərin baha olması çinli turistlərin Azərbaycana gəlməsini təmin edəcəkmi? Əgər Azərbaycana gəlməklə Parisə getmək eyni qiymətə başa gələcəksə, çinli turist Bakını seçər, yoxsa Parisi? Bunlar həddindən artıq vacib suallardır. Bu sualların cavabı tapıldıqdan sonra, çinli turistlərin Azərbaycana cəlb olunması yolunda normal addımlar atmaq mümkündür və lazımdır”.

Natiq Cəfərli Azərbaycanda turizmlə məşğul olan qurumların Çinlə bağlı lazımi məlumatlara sahib olmadığını, sadəcə reklam bukletləri ilə turist cəl etməyin mümkünsüzlüyünü diqqətə çatdırıb və qeyd edib ki, çinli turistlərin ölkəyə səfərini təmin etmək üçün şəxsi reklama da yer verilməlidir, bunun üçün isə çinli turistlərə ərəblərə göstərilən münasibət göstərilməməlidir:

“Əgər Azərbaycanda turizmlə məşğul olan qurumlar araşdırma aparsa idi, bilərdilər ki, çinli turistin davranış qaydaları fərqlidir. Onlar nə bahalı hotelləri, nə də bahalı yeməkləri xoşlayırlar. Onlar daha çox tarixi abidələr olan, gəzməli-görməli, şəkil çəkdirməli yerləri sevirlər. Xaricə gedərkən bu əyləncə növlərinə üstünlük verirlər. Onlar Azərbaycanda hər hansı bir restoranda çox baha hesab versə, bir daha gəlməz, nəinki gəlməz, hətta öz ətrafından kiməsə Azərbaycana gəlməyi tövsiyə etməz. Çünki turizmdə ən vacib reklam aksiyalarında biri şəxsi tanıtımdır. Güvəndiyin, inandığın insanların tanıtımı çox vacib rol oynayır. Avropa turistlərinin Gürcüstana gəlməsininin ən böyük səbəblərindən biri reklam aksiyalarından başqa, şəxsi çevrələrdə Gürcüstanın yaxşı təqdimatının olmasıdır. Hətta Avropada artıq belə bir tendensiya var ki, Gürcüstana getməmisənsə, Qafqazı görməmisən. Çünki Gürcüstanın çox yaxşı şəxsi reklamı gedir. Azərbaycan da buna nail olmalıdır ki, tək reklam bukletləri, tanıtım filmləri ilə yox, şəxsi təəssüratlarına görə də Azərbaycana gəlmək istəyən və bunu təbliğ edən turistlərin sayı çox olsun. Əgər ərəblərə olan münasibət olacaqsa, çinli turistlər də Azərbaycana gəlməkdən imtina edəcək”.