Ev Turizm Xəbərləri Əbu-Dabi limanında insan müdaxiləsi olmadan və özü idarə olunan gəmi marşrutları olacaq

Əbu-Dabi limanında insan müdaxiləsi olmadan və özü idarə olunan gəmi marşrutları olacaq

Əbu-Dabi

Əbu-Dabi limanında turistlər və iş adamları üçün daha bir yenilik tətbiq ediləcək. Qlobal gəmiçilik dizayneri və yaxtaların istehsalı üzrə ixtisaslaşmış “Robert Allan Ltd” şirkəti Əmirliyin limanında insan müdaxiləsi olmadan və rəqəmsal texnologiya vasitəsilə özünü idarə edən kiçik gəmi marşrutları açacaq.

AZƏRTAC xəbər verir ki, texnologiyanın ən son nailiyyətləri ilə təchiz ediləcək yaxta marşrutlarının açılmasına dair Əbu-Dabi limanı ilə şirkət arasında anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, geniş tutumlu və dünya standartlarına uyğun yüksək xidmət təqdim edəcək gəmi marşrutları tezliklə yerli və əcnəbi turistlərin sərəncamına veriləcək. Kiçik gəmilər hava şəraitinə uyğun təhlükəsizlik sistemi ilə də təchiz olunacaq. İstehsalçı şirkət bəyan edib ki, avtomatik idarəetmə sistemi sərnişinlər üçün daha təhlükəsiz olacaq.

Əbu-Dabi limanı bu populyar biznes sahəsini genişləndirmək məqsədilə Kanadanın “Naval Architecture-Marine Engineering” firması ilə də sıx əməkdaşlıq edir. Limanın rəhbəri Məhəmməd Əhbabi bildirib ki, imzalanan sənəd kiçik gəmilərdən ibarət səyahət marşrutlarının rəqəmsal transformasiyasında məhək daşı rolunu oynayır. O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri dənizçilik sahəsində yeni texnologiyaların tətbiqində lider dövlətə çevrilmək arzusundadır.

Turizmlə yanaşı, Əbu-Dabi limanının rəhbərliyi yük və böyük sərnişin gəmilərinin marşrutlarında da rəqəmsal texnologiyaların tətbiq edilməsini nəzərdə tutur.