Ev Turizm Xəbərləri Rusiyalı turoperatorlar Azərbaycana turlar satışının xeyli artacağını gözləyirlər

Rusiyalı turoperatorlar Azərbaycana turlar satışının xeyli artacağını gözləyirlər

Azərbaycan

Rusiya Turoperatorlar Assosiasiyasının (RTA) ekspertlərinin fikrincə, Cənubi Qafqaz ölkələri turoperatorların müştəriləri arasında getdikcə daha çox populyar olur.

AZƏRTAC xəbər verir ki, “Delfin” şirkətinin baş direktoru Sergey Romaşkinin sözlərinə görə, bu gün Rusiya turoperatorları arasında Azərbaycanın mövqeyi Ermənistanla müqayisədə qat-qat güclüdür. “Muzenidis Travel” şirkətinin nümayəndəsi Aleksandr Tsandekidi deyib: “Ermənistan Rusiya bazarında hələlik savadlı və ən başlıcası fəal irəliləyə bilmir, Azərbaycan isə bunu bacarır”. A.Tsandekidi daha sonra vurğulayıb: “Azərbaycan turizm axınının sanballı artımını nümayiş etdirir, bu ölkədə artım dinamikası Ermənistanla müqayisədə daha yüksəkdir”. Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya turizm bazarında çox fəal təbliğ olunur. Ölkənin bu sahədə büdcəsi hələlik çox böyük olmasa da, məsələyə yanaşma düzgündür.

RTA-nın saytında yerləşdirilmiş materialda qeyd edilir ki, 2018-ci ildə Azərbaycanda Dövlət Turizm Agentliyi yaradılıb. Bu yaxınlarda Otelyerlər Assosiasiyası da təsis olunub. Gidlər Assosiasiyasında sertifikatlaşdırma sistemi tətbiq edilir. Cari ilin may ayında isə Azərbaycanda otellərin milli təsnifat sisteminin işə salınması nəzərdə tutulur. Bu sistem müvafiq xidmətləri dünya səviyyəsinə çatdırmağa imkan verəcək.

Ölkədə müxtəlif turizm məhsulları fəal inkişaf etdirilir. Məsələn dağlarda piyada marşrutlar təşkil olunur, ölkədə çoxlu genişmiqyaslı tədbirlər, o cümlədən dünya səviyyəli “JARA” musiqi festivalı keçirilir. Bu il Azərbaycanda Avro-2020 matçları və F-1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Aleksandr Tsandekidi deyib: “Bütün bunlar onu göstərir ki, ölkədə turizmin inkişafına çox ciddi yanaşırlar. Əlbəttə, biz bu bazarda fəal iş aparırıq. Ötən ildən Azərbaycanda bizim turistləri qəbul edən ofisimiz fəaliyyət göstərir. Cari ilin yanvar ayında Bakıda iki “Bomo Hotel” açılıb. Ola bilsin ki, bu otellər Azərbaycanda “Mouzenidis Group” mehmanxanalar şəbəkəsinin sonuncu otelləri olmayacaq. Biz ilk dəfə olaraq, Azərbaycanın çimərlik otellərinə qabaqcadan bronlama aksiyası keçirmişik”.

TUİ şirkətində də Azərbaycana böyük ümid bəsləyir, tələbatın artacağını gözləyirlər. Turoperatorun mətbuat xidmətində bildiriblər: “Biz bu istiqaməti təbliğ edəcək, o cümlədən seminarlar və vebinarlar keçirəcəyik. Azərbaycana turlar satışını dinamik paketlərin bronlanması sisteminə daxil edəcək, otellərin siyahısını genişləndirəcəyik”.

“ANEX Tour” şirkətində də Azərbaycana turlar satışının artacağını gözləyirlər. Şirkətin mətbuat xidmətindən deyiblər: “Ötən ilin yekunlarına görə, bu istiqamətdə 35 faiz artım olub. Bronlama yaxşı gedir. Belə güman etmək üçün tam əsas var ki, bu il də artım olacaq”.

Şirkətdən qeyd ediblər ki, Azərbaycana Rusiyadan gələn turistlərin sayını hər il artırmaq üçün bütün zəruri şərait var. Ölkənin şərq koloriti, ləzzətli mətbəxi, memarlığı, qonaqpərvərliyi, yay fəslində dənizdə istirahət etmək imkanı səyahətçiləri cəlb edir. Ölkədə müalicəvi turizm də inkişaf edib, turistlər neftlə müalicə kimi nadir imkandan bəhrələnə bilərlər. Azərbaycanda mövcud olan dil mühiti də böyük üstünlükdür, çünki əhalinin çox hissəsi rus dilində danışa bilir.

“ANEX Tour” şirkətinin təmsilçisi deyib: “Bizim təkliflər çeşidində təkcə otellərdə yaşamaq paketləri deyil, tamdəyərli ekskursiya turları da var və belə turlara tələbat az deyil”.

Ekspertlərin sözlərinə görə, ümumiyyətlə bu il tur satışlarının xeyli artacağı gözlənilir. Məsələn, Sergey Romaşkin əmindir: “Yaz mövsümü üçün Azərbaycana bronlama göstəriciləri keçən ilin müvafiq göstəricilərindən yüksəkdir. Hələlik bu artım 10 faizdir. Lakin tezlikdə satışın daha da fəallaşacağı gözlənilir”.

Ekspertlər turizmin bu istiqamətinin perspektivləri barədə söhbət açaraq gözləntilərin çox yaxşı olduğunu bildirib, lakin onu da qeyd ediblər ki, müntəzəm reyslərin yüksək tarifləri və ölkə daxilində transferlərin dəyəri turların kütləvi satışını bir qədər zəiflədir.