PAYLAŞ
AzGranata

18 turizm şirkəti 3 may tarixində Ağsuda yerləşən AzGranata şirkətinə səfər edib. Təbii ki bu şirkətlərin arasında bir turizm xəbər portalı olmasa olmazdı. Gəzməli.az -ın redaktoru kimi məndə bu səfərdə iştirak etdim. Səyahətimizə ilk öncə Şamaxıda 500 hektar ərazidə yerləşən üzüm bağlarına baxış keçirməklə başladıq. Səfərimiz boyunca yaşadığımız maraqlı anları və çəkdiyim şəkilləri sizinlə bölüşəcəm, lakin ilk öncə müəssisə haqqında qısa məlumat vermək istəyirəm.

2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə “Az-Granata” MMC-nin inşasına başlanılmışdır. Şirə və şərab emalı zavodunun açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev cənablarıda iştirak etmişdir.

“Az-Granata” MMC

Zavoda 50 milyon manat investisiya qoyulmuşdur. Quraşdırılmış avadanlıqlar Avropanın aparıcı şirkətlərindən gətirilmişdir.

AzGranata

AzGranatada müxtəlif məhsullar istehsal olunur.

AzGranata

Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar)

Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları)

“Icewine” şərabı, qazlaşdırılmış şərablar

Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı)

Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik)

Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat)

Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik)

Vodkalar (xüsusi və premium)

Meyvə şirə və kompotları

Təbii sular.

Azgaranata şərablarının saxlanıldığı çəlləklər

Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur. Səfərimiz boyunca bu avadanlıqlar haqqıda ətraflı məlumatlar əldə etdik və hər birinin istehsal tarixi haqqında geniş məlumatlar verildi.

Şərab laboratoriyası

Zavodda meyvə qəbulu və ilkin emalı sexi, spirt istehsalı sexi, şərab və digər spirtli içkilərin hazırlanma və süzmə sexi fəaliyyət göstərir. Şərab süzmə xətti saatda 6000 şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 şüşə istehsal edir. Ayrıca suvenir şüşələr üçün də süzmə xətti quraşdırılıb.

Şərab

Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti vasitəsilə zavod nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.

Meyvə şirələri

“Az-Granata”nın 450 hektar üzüm (Sultanina, Prima, Kardinal, Alfons Lavalle, Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon və s.) və 400 hektar nar (Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan və s.) bağları var. Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb.

AzGranata şirələri

Səfərimiz boyunca “Az-Granata” şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov bizə bələdçilik etdi. Zavod haqqında ətraflı danışıb, suallarımızı cavablandırdı.

Vüqar Mikayılov
Vüqar Mikayılov

Qeyd edim ki , 2013-cü ildə zavodun əməkdaşı Vüqar Mikayılov L.S. Qolitsın adına qızıl medala “İlin ən yaxşı şərabçısı” adına layiq görülüb. O, “Zolotoy qrifon” beynəlxalq şərab müsabiqəsində dequstasiya komissiyasına üzv seçilib. Vüqar Mikayılov elə həmin il texnika elmləri üzrə doktorluq dissertasiyasını da müdafiə edib.

Şərab

Ən maraqlı hal isə şərabların üzərində Azərbaycanın dəyərli şəxsiyyətlərin adlarının olması idi.

Şərablar

Gəzintimizin sonunda isə müəssisədə yerləşən dəyərli şərabların olduğu muzeyə getdik. 6 müxtəlif şərabın dadına baxdıq.

Şərab muzeyi

Sonda isə “Az-Granata” şirə və şərab emalı zavodunun direktoru Vüqar Mikayılov bizə şərab və meyvə şirəsi hədiyyə etdi.

Muzey

Mən sizə bu səfərimdən sonra tam əminliklə deyə bilərəm ki AzGranata məhsulları tam gigeynikdir.