Ev Turizm Xəbərləri 35 hacı aeroportda saxlanıldı

35 hacı aeroportda saxlanıldı

aeroport

Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları avqustun 28-də Daşkənd hava limanında 35 zəvvarı saxlayıb.

Bu haqda “Azadlıq” radiosunun özbək redaksiyası məlumat yayıb.

Bildirilir ki, həmin dindarlar qrupu Həcc ziyarətinə, qəbul olunduğu kimi, Respublika Müsəlmanları Ruhani İdarəsi vasitəsilə deyil, Birləşmiş Ərəb Əmirliklərindəki özəl şirkətlər vasitəsilə gediblər. Radionun məlumatına görə, zəvvarlar 7 saat dindirilib. Təhlükəsizlik əməkdaşları bu insanların səfər üçün nə qədər pul ödədikləri, qruplarının liderinin kim olduğu və s. ilə maraqlanıblar.

Tutulan qadın hacılardan biri dözə bilməyərək qəzəblə Həcc ziyarətinə getmək üçün Ruhani İdarədə 30 il növbədə dayandığını, ancaq buna nail olmadığını bildirib. Xanım zəvvar əlavə edib ki, Müqəddəs torpaqda, o və digər möminlər heç bir nalayiq hərəkət etməyiblər. Onlar “Prezidentimizin cansağlığı üçün” dua ediblər. Müsəlman qadının dövlət başçısı haqqında söylədiklərindən sonra Özbəkistan DTX əməkdaşları saxalanılanlarla daha yumşaq formada rəftar etməyə başlayıb. Onlar tezliklə sərbəst buraxılıb. Ancaq hacıların pasportlarını əllərindən alaraq əlavə dindirilmədən sonra geri qaytaracaqlarını vəd ediblər.

Xatırladılır ki, ötən il Özbəkistan hökuməti Səudiyyə Ərəbistanının BƏƏ-dəki səfirliyindən xahiş edib ki, özəl turizm agentlikləri vasitəsilə Ümrə(kiçik Həcc) ziyarətinə getmək istəyən özbəklərə viza verilməsin.