Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələr daim inkişaf edir. Əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi mühüm rol oynayır. Qarşılıqlı hörmət və dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-İran əlaqələri son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və regional inkişafa öz töhfələrini verir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri ötən dövrdə inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74% artıb. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə “Xəzər” avtomobil istehsalı zavodunu göstərmək olar. Zavodda istehsal olunan avtomobillərin artıq 95%-i satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında “Caspian Pharmed” birgə əczaçılıq zavodu tikiləcək. İranla əməkdaşlıq nəqliyyat-tranzit sahəsində də uğurla həyata keçirilir. Böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Belə ki, bu məqsədlə müvafiq hüququ baza yaradılıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.
Siyasi-iqtisadi münasibətlərlə yanaşı Azərbaycan-İran əlaqələri turizm sahəsində də yeni mərhələyə qədər qoyur. 9 oktyabr 2019-cu il tarixdə Tehranda, “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi” çərçivəsində “Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan sammiti” keçiriləcək.
Sammit İslam dövlətlərinin səhiyyə turizminin inkişafı mərkəzinin, nazirliklərin, milli və beynəlxalq səhiyyə təşkilatlarının, eyni zamanda, Dövlət Turizm Agentliyinin dəstəyi ilə “My Travel MMC” turizm agentliyi tərəfindən Tehranda həyata keçiriləcək.
Sammitin əsas mövzusu İran və Azərbaycanın turizm xidməti göstərən şirkətləri arasında əməkdaşlığın müəyyən edilməsi, Azərbaycanın səhiyyə turizmi sahəsində imkanlarının və Naftalan regionunun təqdimatı, İran İslam Respublikasının tibbi turizm sahəsində imkanlarının təqdimatı, İranın və Azərbaycanın idman turizmi sektorunda imkanları ilə tanışlıq, İran və Azərbaycanın turizm təşkilatlarının və mehmanxana biznesinin turizm münasibətlərinin inkişafında rolunun yoxlanmasından ibarətdir. “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi” xüsusi görüşlər təyin edərək, səhiyyə turizmi, idman turizmi, tibbi avadanlıq, ənənəvi tibb və otla müalicə müxtəlif sektorlarda beynəlxalq ünsiyyətin inkişafı üçün müstəsna bir imkandır. Habelə səhiyyə turizmində fəaliyyətdə olan startaplara investisiya yatırmaq üçün imkanlar təşkil edir.