Ev Gəzməli yerlər Gəzəyənlər Ötən il Azərbaycandakı mehmanxanalar 360 milyon manatadək gəlir əldə edib

Ötən il Azərbaycandakı mehmanxanalar 360 milyon manatadək gəlir əldə edib

Hilton

Keçən il ölkədəki mehmanxanaların gəlirləri 359,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 2,6 min gecələmə keçirilib. Bu da 2017-ci illə müqayisədə 15,9 faiz çoxdur. Gecələmələrin 59,1 faizi Bakıda, 10,4 faizi Qəbələdə, 5,4 faizi Xaçmazdadır. 4,1 faizi Naftalanda, 3,8 faizi Qubada, 3,6 faizi Qusarda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasındadır. Hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 0,8 faizi Lənkəranda, 8,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3 faiz artaraq 2 milyon 49,7 min olub. Bu da ümumi gecələmələrin 68,3 faizini təşkil edir. Gecələmələrin 13,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İran, 4,3 faizi Türkiyə, 4,2 faizi Hindistan, 3,8 faizi İsrail, 3,1 faizi Küveyt, 2,7 faizi İraqdır. Hər biri üzrə 2,6 faiz olmaqla Böyük Britaniya və ABŞ, 2,5 faizi Pakistan, 2,4 faizi Qətər, 1,6 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Ukrayna, 1 faizi Bəhreyn, 26,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 74,2 faizi Bakıda, 10 faizi Qəbələdə, 3,7 faizi Naftalan şəhərində, 3,2 faizi Qusarda, 3,1 faizi Naxçıvan Muxtar Respublikasındadır. 3 faizi Qubada, 2,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 952,9 minə çatıb.

Mehmanxana

2018-ci ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 26,3 faiz çox və ya 359,4 milyon manat olub. Onun da 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ötən il mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4 faiz (2017-ci ildə 17,1 faiz) təşkil edib. Bu göstərici Naftalanda 54,8 faiz, Qəbələdə 37,3 faiz, Bakıda 36,1 faiz, Kürdəmirdə 34,7 faiz, Ağstafada 32,7 faiz, Şəmkirdə 30,4 faizdir. Beyləqanda 26,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (37,5 faiz) avqust ayında qeydə alınıb.