Yurmala Baltik dənizinin sahilində yerləşən çox böyük kurort şəhəridir. Bu məkan haqlı olaraq açıq səma altında SPA hesab edilə bilər. İonlaşmış mülayim dəniz havası insanın tənəffüs yollarını müalicə edir və immun sistemini möhkəmləndirir, şam meşələrinin ətri ürəyə yaxşı təsir edir, mineral sular və palçıq isə orqanizmdən toksinləri çıxarır.
Kemeri, soyuq bulaq və bataqlıqda gəzinti
XIX əsrin ortalarında yerli bataqlıqların unikal təbii resursları – sulfid tərkibli müalicə palçıqları və hidrogen sulfidli mineral sular peşəkarlar tərəfindən müalicə proseslərində istifadə edilməyə başlanan vaxtdan etibarən Kemeri qəsəbəsi sanatoriya kimi Yurmalanın ürəyinə və inkişafının hərəkətverici qüvvəsinə çevrilib.
Təbii və mədəni-tarixi dəyərləri qoruyub saxlamaq, təsərrüfat fəaliyyətinə və turizmin inkişafına kömək etmək məqsədilə 1997-ci ildə burada Kemeri Milli Parkı yaradılıb. Onun sahəsi 38165 hektardır. Bu, Qauya və Raznasdan sonra Latviyada üçüncü böyük milli parkdır.
Ən təəccüblüsü odur ki, buraya giriş turistlərə pulsuzdur və Ekologiya Nazirliyindən icazə almağa ehtiyac yoxdur, halbuki başqa ölkələrdə icazə alınması çox vaxt başlıca şərtdir. Kemeri Milli Parkında istirahət edənlərə təbii cığırlarda gəzmək, velosiped marşrutları, uşaqlar və böyüklər üçün maarifləndirici dərsləri dinləmək, tematik tədbirlərdə ailəvi iştirak etmək imkanları yaradılıb.
Bataqlıq tərəfə aparan meşə cığırına qədəm qoymazdan əvvəl, biz kurort parkının yaxınlığında yerləşən mineral su bulağına baş çəkirik. Oradakı suyun tərkibində hidrogen-sulfid var və buna görə də xarakterik iyə malikdir, lakin sərin olduğundan onu içmək xoşdur və isti gündə susuzluğu yaxşı yatırır.
Milli park əvvəlcə şam və ağcaqayın ağaclarından ibarət sıx meşə təsirini bağışlayır. Geniş cığırda göstəricilər və informasiya lövhələri yerləşdirilib. Bəzi yerlərdə nəfəsini dərmək istəyənlər üçün taxta skamyalar və stollar qoyulub.
Meşənin dərinliklərinə getdikcə siz tam sakitliyə düşür və öz nəfəsinizi, aralıda hər bir xışıltını eşitməyə başlayırsınız. Bir neçə dəqiqə bundan əvvəl maşınların şütüdüyü tras yol sanki yoxmuş. Burada insan özünü sakit, təbiətlə vəhdətdə hiss edir.
Tədricən meşə seyrəlir, böyük ağacları pöhrəlik əvəz edir, irəlidə isə taxta körpücüklər görünür – siz bataqlıq zonasına qədəm qoyursunuz. Böyük Kemeri bataqlığı təxminən 8 min il əvvəl yaranıb. Bölgənin əsas bataqlıqlarından olan Böyük Kemerinin ətrafında kükürdlü bulaqlar yaranır. Bataqlıqdakı torpaqda münbitləşdirici maddələr azdır, bu torpaq turşdur və çox yerdə həddən artıq nəmdir. Ağacların çoxu belə ağır şəraitə tab gətirə bilmir, ona görə də buradakı şam və ağcaqayın meşədəki kimi hündür olmur.
Böyük Kəmər
Böyük Kemeri bataqlığına aparan körpücüklər yolçuların mamır və qaranlıq göllər səltənəti ilə yaxından və təhlükəsiz tanış olmasına imkan yaradır. Körpücüklər təbii taxta lövhələrdən düzəldilib. Lazım gələndə onlar yenilənir və iki dövrədən ibarətdir. Kiçik dövrə ilk mənzərəli göllərə qədər aparır, Böyük dövrə isə mənzərəyə yuxarıdan baxmağa imkan yaradır. Körpülərin uzunluğu 3,7 kilometr (Böyük dövrə) və 1,5 kilometrdir (Kiçik dövrə). Baxmaq üçün müvafiq olaraq 1,5 və 1 saat vaxt lazım gəlir.
Biz öz səyahətimiz üçün Böyük dövrəni seçdik. Qarşımızda buludlu səmanı əks etdirən gölün əhatə olunduğu paslı-sarı mamırların heyrətamiz mənzərəsi açıldı, lap “National Geographic” telekanalında göstərilən filmlərdə olduğu kimi. Bir qədər irəlidə taxta müşahidə qülləsi görünür. Qülləyə dolama pilləkənlə çıxaraq, oradan ecazkar mənzərəni seyr etmək olar.
Bataqlıqların zəngin bitki və heyvanat aləmi var. Bu mövsümdə burada bataqlıq mərcanı, sarı böyürtkən, mərsin tapmaq olar. Quşlar buraya köçərkən isə bataqlıq onları müşahidə etmək üçün əla məkana çevrilir. Bəzən burada qaz və durna dəstələrini görmək, onların səsini eşitmək olur.
Yaunkemeri, reytterapiya və Vayvari
Kemerinin başlıca sərvəti, əlbəttə ki, müalicəvi su bulaqları və palçıq mənbəyidir. Artıq 150 ildən çoxdur ki, yerli sanatoriyalarda müxtəlif xəstəliklərin müalicəsində onlardan uğurla istifadə edilir. Hazırda Kemeri bataqlığı ərazisində tədqiq edilmiş palçıq yataqları 682 080 ton, proqnozlaşdırılan ehtiyatlar isə 129 540 tondur ki, bu da 1000 ildən çox müddət üçün kifayətdir. Natrium və brom qatılığının yüksək olduğu mineral su ehtiyatları da kifayət qədər çoxdur.
Bizim getdiyimiz Yaunkemeri Reabilitasiya Mərkəzində tibbin müasir təcrübəsi müalicə palçığı və mineral vannalarla birləşdirilir. Çoxprofilli mərkəz ilk pasiyentlərini 1967-ci ildə qəbul edib. 2009-cu ildə burada ən yeni avadanlığı, yüksək səviyyəli mütəxəssisləri, xüsusi müayinə və reabilitasiya proqramlarının olduğu kurort poliklinikası yaradılıb.
Xəstəliklər
Bu gün Yaunkamer ürək-damar xəstəlikləri (ürək infarktı, ürəyin işemik xəstəliyi, stenokardiya, ürək çatışmazlığı, aorta koronar şuntlamadan və ürək arteriyasına stent qoyuluşundan sonrakı vəziyyət), mərkəzi və periferik sinir sistemi xəstəlikləri (insult, baş beyin infarktı və beyinə qansızmadan sonra, sklerozdan, polineyropatiyanın müxtəlif formalarından əziyyət çəkən pasiyentlərdə neyrocərrahi əməliyyatlardan sonra, neyroinfeksiyalardan sonrakı vəziyyət), dayaq-hərəkət aparatının xəstəlikləri (onurğa problemləri – spondilez, protruziya, disk yırtığı, oynaqlarda problemlər – artrozlar, artroz, artrit, böyük oynaqların endoprotezləşdirilməsi, həzm traktı xəstəlikləri (qastrit, qastroezofaqeal reflüyks), revmotoloji xəstəlikləri olan pasiyentlərə, eləcə də diabet komplikasiyaları, artıq çəki problemi, çəki azlığı olan, uğurlu keçirilmiş onkoloji əməliyyatdan sonra, travma almış pasiyentlərə mümkün tibbi reabilitasiyanı təqdim edir.
Yaunkemeridə istifadə edilən unikal metod – reytterapia və ya ippoterapiya – hərəkət orqanlarının, postinsult simptomlarının, hissəvi iflicin at belində gəzməklə müalicəsidir. Özü də bu, təkcə reabilitasiya deyil, həm də müsbət psixoloji ovqat yaradan belə bir gözəl heyvanla ünsiyyət deməkdir.
Tibbi nailiyyətlərlə yanaşı, təbiətin sərvətlərindən istifadə edilən digər müalicə ocağı Vayvari Milli Reabilitasiya Mərkəzidir. Bu, effektiv və uğurlu reabilitasiya üçün ideal məkandır. Mərkəz Yurmalanın gözəl sahilində, dənizdən 100 metr məsafədə yerləşir. Vayvari tibbi reabilitasiya, təhsil və elm sahəsində dövlət əhəmiyyətli obyektdir. Bu, Latviyada reabilitasiya sahəsində ən böyük tibb müəssisəsidir.
Vayvaridə tibbi xidmətlərin geniş spektrinin tamdəyərli təmini üçün güclü tibbi elmi-texniki və peşəkar baza yaradılıb. Mərkəz müasir texnoloji avadanlıqla təchiz edilib. Burada fiziki imkanları məhdud insanlara hərəkət etmək sevincini bəxş edən unikal robotlaşdırılmış avadanlıq var.
Ruhun və bədənin terapiyası
SPA prosedurları ilə daha çox maraqlananları Yurmalada maraqlı təkliflər gözləyir. Son vaxtlar şəhərdə meydana gəlmiş SPA mərkəzləri, kurort otelləri və “butik” üslubunda pansionatlar qonaqlara yüksək səviyyəli müalicə və dincəlmək üçün prosedurların geniş spektrini təklif edir.
Məsələn, ailəvi istirahət üçün nəzərdə tutulan “Kurshi Spa & Conference” kurort otelinə diqqət yetirin. Otelin SPA kompleksi üz və bədən üçün prosedurlar, müxtəlif hamam prosedurları, uşaqlar və yeniyetmələr üçün SPA, ayurveda və digər prosedurları nəzərdə tutur.
Su əyləncəsi həvəskarları üçün də darıxdırıcı olmayacaq. Yurmalada “Livu” akvaparkı fəaliyyət göstərir. Onun tikintisinə 16 milyon avrodan çox sərmayə qoyulub. Su parkının sahəsi 11 min kvadratmetrdir. Yayda ziyarətçilər üçün əlavə 7 min kvadratmetr ayrılır ki, bu da ümumi sahəni 18 min kvadratmetrə çatdırır. Beləliklə, “Livu” Şimali Avropada ilboyu işləyən qapalı ən böyük akvaparka çevrilir.
Akvaparkın üçüncü mərtəbəsində 20-dən çox təpəcik, müxtəlif dərinlikli və ölçülü 10 hovuz, uşaqlar üçün attraksion, habelə 4 hamamı, soyuq hovuzu, duz otağı, cakuzi və su-hava masajı üçün avadanlığı ilə birlikdə SPA kompleksi, eləcə də suda fudkort və bar var. İl ərzində buraya 300 min ziyarətçi gəlir ki, onun 45 faizi Latviya sakinləri, qalanı isə müxtəlif ölkələrdən gələn turistlərdir. Açılışından bəri parka 3 milyondan çox ziyarətçi gəlib.
Sözardı
Sonda Yurmalada iki maraqlı art-obyekti xatırlatmaq istəyirik. Onlara baş çəkməklə bu maraqlı şəhərdə səyahət proqramını zənginləşdirmək olar. Əgər Yurmalaya Riqadan elektrik qatarında gedirsinizsə, Dubultı stansiyasında düşün. Burada Avropanın dəmiryolu vağzalında fəaliyyət göstərən yeganə müasir incəsənət məkanı yerləşir. Qalereyaya giriş pulsuzdur, ekspozisiya isə daim dəyişir.
Yurmalada digər orijinal sərgi “Inner Light” (“Daxili işıq”) adlanır. Rəssam Vitali Yermolayevin hər əsərinin öz işıq sirri var. Xüsusi işıqlandırma zamanı onun əsərləri öz rəngini dəyişməyə başlayır və tamaşaçıların gözü qarşısında əvvəlki əsər əvəzinə onun yeni, gizli variantı açılır. Rəssam öz yeni “fluoressent” texnikasını klassik rəngkarlığın ən yaxşı ənənələri ilə uğurla birləşdirib. İstəsəniz, xoşunuza gələn rəsmlərdən ala bilər, həmçinin işıqsaçan rənglərlə işləmək texnikasını öyrənə bilərsiniz.