Azərbaycan Səudiyyə Ərəbistanı ilə birbaşa hava əlaqəsinin təşkilini təklif edib.
Azərbaycanın maliyyə naziri Samir Şərifov bunun səbəbini izah edərkən bildirib ki, Səudiyyə Ərəbistanından ölkəmizə turistlərin axını, əsasən, yay mövsümündə müşahidə edilir. Halbuki Azərbaycanın qış turizm imkanları da olduqca böyükdür.
“2017-ci ildə Səudiyyə Ərəbistanından 33,273 min turist Azərbaycana səfər edib, 2018-ci ildə isə onların sayı artıq 73 minə çatıb. Lakin turistlərin axını yalnız yay mövsümündə müşahidə edilir. Bu səbəbdən mütəmadi birbaşa hava əlaqəsinin təşkilini zəruri hesab edirik. Bu, nəinki turizm, həm də iki ölkə arasında biznes münasibətlərinin inkişafı üçün mühüm olacaq”, – deyə S.Şərifov vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müştərək komissiyanın 5-ci iclası keçirilir.
Komissiyanın həmsədrləri maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərdir.
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin, ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
Müzakirələrin yekunu olaraq Protokolun imzalanması nəzərdə tutulur.