Azərbaycanın “Buta Airways” aviaşirkəti mayın 16-dan etibarən Bakıdan Rusiyanın Həştərxan şəhərinə birbaşa uçuşlara başlayıb.
Hotels24.az xəbər verir ki,uçuşlar hər həftənin I və IV günləri “Embraer E190” təyyarələri ilə həyata keçirilir.
Hazırda “Buta Airways”in marşrut şəbəkəsinə Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Ufa və Mineralnıye Vodı şəhərləri də daxildir.
Aviaşirkətin digər istiqamətləri kimi, Bakı-Həştərxan marşrutu üzrə də biletin minimal tarifi 29 avro (bir tərəfə) təşkil edir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyat nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar.
Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Buta Airways” aviaşirkəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana birbaşa uçuşlar yerinə yetirir. “Buta Airways”in donanmasına “Embraer E190” təyyarələri daxildir. Yeni istiqamətlərin sayının artması ilə aviaşirkət hava gəmiləri parkını genişləndirməyi planlaşdırır.