Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən “Kənd yaşıl turizminin inkişafı istiqamətində təbliğat işlərinin təşkili” layihəsi çərçivəsində Lerik və Lənkəran rayonlarına ikigünlük infotur təşkil edilib.
İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV-lərin, QHT-lərin və turizm şirkətlərinin əməkdaşları Lerik rayonunda Günəşli şəlaləsi, Buzeyir mağarası, fərdi sahibkar Fərman Haşımovun arıçılıq təsərrüfatı ilə tanış olublar. Onlar bal məhsullarının hazırlanması prosesi ilə tanış olublar.
İnfotur iştirakçıları, həmçinin Lerik rayonunun Hamarmeşə kəndində yerləşdikləri kənd evlərinin birində-Elşən Məmmədovun təsərrüfatında müxtəlif işlərlə məşğul olublar. Ağacların suvarılması, təbii kənd məhsullarından yemək hazırlanması, kabab çəkilməsi, at gəzintisi kimi müxtəlif kənd turizmi fəaliyyətlərinə cəlb ediliblər.
İnfoturun ikinci günü isə iştirakçılar Lənkəran rayonunun Haftoni qəsəbəsindəki çay plantasiyalarına səfər edib. Çayın becərilmə və istehsal üsulları ilə tanış olublar.
Sonra Haftoni qəsəbəsindəki İstisu termal bulaqlarına səfər təşkil edilib. İştirakçılar qəsəbədə yeni tikilmiş pansionatla tanış olublar.
Pansionatın yerli kənd sakinlərinin kənd turizmi fəaliyyətlərinə müsbət təsiri barədə məlumatlar layihə heyəti tərəfindən iştirakçılara çatdırılıb.
Yekunda infotur iştirakçıları Lənkəran rayonunda yerləşən Xanbulan gölünə gedərək oradakı şərait və imkanlarla tanış olublar.
İnfotur müddətində iştirakçılar Lerik rayonunun Hamarmeşə kəndi və Lənkəran rayonunun Haftoni qəsəbəsində kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatlarının nümayəndələri və həmin kəndlərin bələdiyyə və ərazi icra nümayəndələrinin də təmsil olunduğu görüşdə iştirak ediblər.
Görüşün təşkili yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizminin inkişafı istiqamətində aparılır. Əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, təbliğat işinin artırılması və bununla da onların kənd turizmi fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək olar. Ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.