Mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşən və turistlər üçün suborbital kosmik uçular həyata keçirilməsi üzrə ixtisaslaşan “Virgin Galactic” şirkəti maliyyə vəsaiti toplamaq məqsədilə öz səhmlərini birjada yerləşdirəcək. Bu məlumatı The Wall Street Journal nəşri yayıb.
Şirkətin sahibi olan britaniyalı biznesmen Riçard Brenson bu məqsədlə onun səhmlərinin 49 faizini almaq istəyən “Social Capital Hedosophia” firması ilə 800 milyon dollarlıq müqavilə imzalayıb. Birjada səhmlərin iştirakı da bu sənədin vacib şərtlərindən biridir.
Yeni tərəfdaş əldə edən Brenson kosmosa turist səfərlərini daha tez təşkil etmək və bu sahədə öz rəqiblərini geridə qoymaq niyyətindədir. “Virgin Galactic” şirkətinin son addımı layihəyə 1 milyard dollar sərmayə qoymaq istəyən Səudiyyə Ərəbistanının Suveren Fondu ilə danışıqların nəticəsiz qalması ilə bağlıdır. Finacial Times qəzetinin xəbərinə görə, britaniyalı biznesmen bu sövdələşməyə səudiyyəli jurnalist Camal Kaşıqkçının vəhşicəsinə öldürülməsindən sonra xitam verib.
“Virgin Galactic” kosmosa turist səfərləri təşkil etməyi planlaşdıran çoxsaylı şirkətlərdən yalnız biridir. “Blue Origin” və “SpaceX” şirkətləri də kosmik turizm sahəsində layihələr üzərində iş aparırlar. 2019-cu ilin fevralında “Virgin Galactic” uçuş vaxtı təxminən 90 kilometr yüksəkliyə qalxan “SpaceShipTwo” suborbital kosmik gəmisinin sınağını keçirib. Onun göyərtəsində pilotlar Deyv Makkey və Maykl Mazuççi, habelə şirkətin personal hazırlığı qrupunun rəhbəri Bet Moses olublar.
Bildirilir ki, “Virgin Galactic” gəmisində kosmosa iki saatlıq uçuş, turistlərin 100 kilometr yüksəklikdən Yer kürəsinə tamaşa etməsi onlara 250 min dollara başa gələcək. Şirkətin əməkdaşları bildirirlər ki, artıq 650 bilet satılıb, hərçənd “SpaceShipTwo” gəmisinin kosmosa göndəriləcəyi vaxt hələ məlum deyil. Kosmik turda iştirak etmək istəyənlər arasında Hollivud ulduzları Leonardo Di Kaprio,, Tom Henks və Ancelina Coli də var.