Bali adasında birdəfəlik plastik paketlərdən istifadə edilməsinə rəsmi qadağa qüvvəyə minib.
Bali İndoneziyanın plastikdən istifadə olunmasından imtina edən ilk adasıdır.
Müvafiq olaraq, kafelər bundan sonra turist-ziyarətçilərə kokteylləri birdəfəlik çubuqlarla təklif etməyəcək, supermarketlərdə isə alış-veriş üçün yalnız parça çantalardan istifadə olunacaq.
“Balidə plastikə qadağanın tətbiq edilməsi asan olmayıb. Hər şey 6 il bundan əvvəl, sadə indoneziyalı yeniyetmələrin – Melati və İzabel bacılarının arzusu ilə başlayıb. Onlar “Bye Bye Plastic Bags” layihəsini fikirləşiblər. Layihədən məqsəd təbiətin təmizliyini qorumaq və paketlərin hər yerdə istifadəsinə qarşı mübarizə aparmaq idi. Zaman keçdikcə bu, beynəlxalq hərəkata çevrildi və kütləvi hal aldı. Könüllülər qrupu Balidə plastik qablaşdırmaların zərəri barədə müstəqil şəkildə plakatlar hazırlayıb, çimərlikləri zibildən təmizləyib, İndoneziya məktəblərində ekologiya mövzusunda seminarlar keçiriblər”, – deyə İndoneziyanın Turizm Nazirliyinin mətbuat xidmətində bildiriblər.
2018-ci ilin dekabrında Balinin qubernatoru Vayyan Kosterin imzaladığı qanuna görə, adanın kiçik biznes rəhbərləri plastik paketlər və çubuqlardan istifadəyə mütləq alternativ tapmalı və bütünlüklə “yaşıl tərəf”ə keçməlidirlər. 2019-cu il yanvarın 1-dən Denpasar şəhərinin hakimiyyət orqanları rəsmi qadağanın anonsunu veriblər.
Ekspertlərin dəyərləndirmələrinə görə, Balinin bütün sakinlərinə və qonaqlarına yeni qaydaların mühümlüyünü dərk etmələri və parça çantalardan, bambuk və kağız çubuqlardan istifadəyə öyrəşmələri, özlərindən sonra zibili qoymamaları üçün vaxt lazımdır. Onlar hiss etməlidirlər ki, adanın və ölkənin təmizliyi konkret olaraq hər kəsdən asılıdır. İndoneziyanın Turizm Nazirliyi bu təşəbbüsün ölkənin digər adalarında da yayılmasına maksimal dərəcədə yardım edəcək.
Xatırladaq ki, iyun ayında birdəfəlik qablardan istifadəyə qadağa qoyulması Hurqadada həyata keçirilib. Turistlər bundan sonra plastik stəkan və boşqablarsız, həmçinin paket, çəngəl-bıçaq dəsti və kokteyl üçün çubuqlarsız keçinməli olacaqlar. Qadağanın motivasiyası ekolojidir: külək vasitəsilə dənizə düşən böyük miqdarda plastik kütlə mərcanlara və digər dəniz canlılarına zərər vurur.
Bununla yanaşı, plastik qabları kağızla əvəz etmək nəzərdə tutulur. Hələ ki, kağız qablar yalnız satıcılara və turistlərə pulsuz paylanılır.