Ev Gəzməli yerlər Quba – cənnət məkan

Quba – cənnət məkan

Qubanın alması…

Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin təbiətinə görə, Quba turistlərin ən sevimli yerlərindən biridir.

Quba qədimdən bəri simvoluna çevrilən almaları ilə tanınır. Bundan başqa, Quba tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var. Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Xeyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.

Qubanın ən gəzməli 6 yerini təqdim edirik:

Quba

Xınalıq kəndi

Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə – red.). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çoxlu bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir.

Afurca şəlaləsi

Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Rayon mərkəzindən 42 km məsafədə yerləşir. Afurca sözünün mənası “Abifirucəstə”, yəni “Yuxarıdan tökülən su” deməkdir. Hündürlüyü 60 metrdir. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə olunur.

Təbii Minarə

Qrızdəhnə yolunun başlanğıcında, Qudyalçayın daş qayanı dəlib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır.

Çənlibel gölü

Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km məsafədə yerləşir və görənlərə “Göygölü” xatırladır.

Qəçrəş

Quba rayonunun ən böyük kəndlərindən biridir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. Ərazisi hər tərəfdən meşə ilə örtülüb. Çoxlu təbii bulaqları var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil ağacları var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlara da sıx-sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudyalçayda isə balıq tutmaq mümkündür.

Təngəaltı

Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası “Dağ arası yer”deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. 2 dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda “Qaçaq Mayıl”ın mağarası diqqət çəksə də, oraya çıxmaq sadəcə peşəkar dağçıların işidir.

Quba

Azərbaycanımızın hər bir yeri cənnətdir❤️