Ev Turizm Xəbərləri Sarayevoya getməyin beş tutarlı səbəbi

Sarayevoya getməyin beş tutarlı səbəbi

Sarayevo

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo qədim tarixə malik şəhərdir. Ölkənin başlıca siyasi, iqtisadi və mədəniyyət mərkəzinin əsası 1462-ci ildə türklər tərəfindən qoyulub. Əvvəllər adı Bosna-Saray olub. Şəhərin tarixi mərkəzi Osmanlı və Avstriya-Macarıstan imperiyası tərəfindən inşa olunan XVI-XX əsrin əvvəllərinədək olan dövrə məxsus tikililərdən ibarətdir. Ümumilikdə, Sarayevoda milli əhəmiyyət kəsb edən yüzdən artıq mədəni-tarixi abidələr yerləşir. Bundan başqa, Sarayevo 1972-ci ildən Bakı ilə qardaşlaşmış şəhərdir.

1. Şərqlə Qərbin qovuşduğu məkan

Əsas piyada küçəsi olan Ferhadiyada qeyri-adi nişan var: üstündə “Mədəniyyətlərin qovşağı” yazısı olan simvolik kompas və şəhərin şərq və qərb hissəsini göstərən oxlar. Burada məsələ təkcə coğrafiya deyil: Sarayevonun yarısı Avstriya-Macarıstan dövrünü xatırlayır, ikinci tərəf isə sanki Osmanlı imperiyasının təsiri altında donub qalıb.

Bosniya paytaxtına ən yaxşı mənzərə Balkanlarda ən yüksək olan spiralvarı “Avaz Tvist Tauer” göydələninin 36-cı mərtəbəsindən açılır.

Şəhəri çox gözəl Qazi-Xosrevbəy məscidi, Moriça-xan karvansarayı və onlarla digər məbəd, mədrəsə və hamam bəzəyir. Rahat türk qəhvəxanaları və italyan pitseriyaları, müasir şopinq-mollar və əsrə bərabər ömrü olan bazarlar – Sarayevo bütün dövrlərin ən yaxşılarını özünə çəkib.

2. Ləziz təamlar

Qonaqpərvər paytaxtda ac qalmaq mümkün deyil: hər zövqə uyğun kafe və restoranlar vitrinləri və qoxuları ilə insanı özünə çəkir. Milli mətbəx ilə tanışlıq birbaşa səhərdən başlayır: qonaq evlərinin çoxunda, – Bosniyada məhz həmin yerlərdə qalmaq məsləhətdir, – əla səhər yeməyi təklif olunur. Əgər ev sahibləri ilə dostlaşa bilsəniz, o zaman onlar əcdadlarının reseptlərini sizinlə bölüşərək kulinar ustad dərsləri də keçərlər.

Küçələrdə hamının xoşladığı fastfud satılır: qat-qat xəmirdən hazırlanan “börəklər” və qızardılmış “çevaçiçi” kolbasaları.

Türk kafelərindən üzüm yarpaqlarından hazırlanmış “sarma”nın, klassik halvanın, rahatluqumun və paxlavanın dadına baxmağa dəyər. Saysız-hesabsız qəhvəxanalar və qənnadı dükanları bişmiş kremlə “tulumba” borucuqları, kokos qırıntıları ilə “xurmasise” peçenyesi və zərif kəsmikli içliyi olan “qibanitsa” piroqu ilə insanı yoldan çıxarır. Böyük ustalıqla hazırlanmış kabablar və “bosanski lonas” qızartması ət həvəskarlarının, “yaxniya” – buğda bişirilən tərəvəz və “zelyanitsa” adlı ispanaqdan hazırlanmış piroq isə vegetarianların damaq dadına uyğun gələ bilər.

3. Mənzərəli yerlər

Sarayevonun görməli yerlərini gəzməyə azı bir həftə yetər. Lakin asudə vaxtı rəngarəng etmək üçün şəhərin hüdudlarından kənara çıxmaq lazımdır. Şəhərdən təxminən iki saatlıq məsafədə Qədim körpü ilə gözəl Mostar yerləşir. XVI əsrdə türklər tərəfindən salınan körpü şəhərin iki hissəsini – xorvatlar və Bosniya müsəlmanları yaşayan hissəsini birləşdirir.

Hündürlüyü 21 metr olan daş körpüdən cəsarətli dalğıclar camaata əyləncə göstərmək məqsədilə Neretvanın buzlu sularına tullanırlar.

Poçiteldə orta əsrlərə məxsus qala divarları qorunub saxlanılıb, Lukomir kəndi isə gözəl dağ mənzərələrinin əhatəsində tamamilə sivilizasiyadan təcrid edilib.

4. Kədərli keçmişin əks-sədası

XIII əsrdə yaranmış Bosniya krallığını tezliklə türklər işğal edib. XVI əsrdə Sarayevo şəhər statusunu alıb və Osmanlı imperiyasının Avropada sayca üçüncü ərazisi olub. Təxminən iki yüz ildən sonra Avstriya qoşunları yerli küçələri ələ keçirib və yandırıblar. Daha sonra şəhəri Vyanaya uyğun olaraq yenidən qurmağa başlayıblar.

Paytaxtın hər yerinə “Sarayevo qızılgülləri” – artilleriya mərmilərinin açdığı çalalar səpələnib. Bu çalalar ölənlərin xatirəsinə ehtiram olaraq qırmızı qətran ilə doldurulub. Sarayevo başdan-başa belədir: ağrı-acı və qandan güllər yetişir.

1914-cü ildə Latin körpüsündə ershersoq Frans Ferdinand güllələnib. Məhz bu hadisə milyonlarla həyata son qoyan Birinci Dünya müharibəsi üçün səbəb olub. İkinci Dünya müharibəsi Sarayevonu sonsuz sayda bombardmanlara məruz qoyub. 1992-ci ildə isə Bosniya müharibəsi – serb və müsəlmanların amansız qarşıdurması başlayıb. O müdhiş keçmişi Əbədi məşəl və Hərbi tunel xatırladır. Tunel sayəsində sarayevolular dördillik müsadirədən xilas ola biliblər.

5. Dövrümüzün açıq səması

Baş vermiş faciələrə baxmayaraq, müasir Sarayevo gözəl, dinamik və tamamilə təhlükəsizdir. Yerli sakinlər hədsiz dərəcədə qonaqpərvərdirlər: onlar həm istiqamət göstərir, həm suallara cavab verir, lazım gəlsə, jest hərəkətləri ilə nəyisə başa salırlar. Burada cinayətkarlığın səviyyəsi çox aşağıdır. Ola bilsin ki, Qədim mərkəzdə cibgirlər “fəaliyyət göstərir”, lakin bununla ayıq-sayıq səyahətçiləri qorxutmaq mümkün deyil.

Sarayevoda adət-ənənələrə böyük ehtiramla yanaşırlar və qonaqları sevirlər. Ən başlıcası isə əsl səmimilikdən sui-istifadə etməmək və yaxşılığa yaxşılıqla cavab vermək lazımdır.