Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə ekoturizmin inkişafı üçün milli parklarla bağlı milli proqram hazırlayacaq.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanın milli parklarının bioloji baxımdan potensialı çox olsa da, buraya səfər edən turistlərin sayı o qədər də qənaətbəxş deyil: “Buna görə də ölkədəki milli parkların inkişafı üzrə milli proqram hazırlanacaq. Milli parklara səfər edənlərin sayını artırmaq yollarını fikirləşmək, bu sahədəki boşluqları müəyyən etmək lazımdır. Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Bu ilin ilk 8 ayında isə milli parklara 74 217 turist səfər edib”.
H.Əlizadə qeyd edib ki, bu il milli parklara səfər edənlərin 7286-sı əcnəbi, 66 931-i yerli vətəndaşlar olub.
Nazirlik rəsmisi hesab edir ki, ekoturizmi inkişaf etdirməklə həm ölkəmizi daha çox tanıda, həm də ölkənin gəlirlərini artıra bilərik.