Ev Turizm Xəbərləri Türkiyənin Antalya kurort şəhəri bu ilin sonunadək rekorda imza ata bilər

Türkiyənin Antalya kurort şəhəri bu ilin sonunadək rekorda imza ata bilər

Antalya

Türkiyənin Antalya kurort şəhəri bu ilin sonunadək gələn turistlərin sayına görə rekorda imza ata bilər. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, dekabrda Aralıq dənizinin sahilində yerləşən bu kurortun qəbul etdiyi əcnəbi turistlərin sayı 16 milyon nəfərə çata bilər.

Türk Otelçilər Federasiyasının rəhbəri Osman Ayık bildirib ki, cari ilin doqquz ayı ərzində Antalyaya 14 milyon əcnəbi turist gəlib. Onun sözlərinə görə, 193 ölkənin vətəndaşları burada istirahət ediblər və turistlərin sayı hər ay artmaqda davam edir. Ayık əlavə edib ki, bu il Antalyaya gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. Federasiya rəhbəri vurğulayıb ki, turizm sektorunda həyata keçirilən mühüm tədbirlər bu tendensiyanın 2020-ci ildə də davam edəcəyini göstərir. Ayık qeyd edib ki, bu, ilk növbədə, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlıdır.

Aralıq dənizi Turizm Otelləri Assosiasiyasının rəhbəri Erkan Yağçı isə agentliyə bildirib ki, Türkiyəyə gələn hər üç turistdən biri məhz Antalyada dincəlməyi üstün tutur. Onun sözlərinə görə, bu rəqəmi artırmaq üçün turizm sektorunun inkişafına dair xüsusi strategiya hazırlanır.