Burada fəaliyyət göstərən istirahət mərkəzlərinin nümayəndələri də deyirlər ki, yolun narahat olması gələn turistlərin sayına ciddi təsir göstərir
“Dünyanın bütün yolları Romaya aparır” deyirlər, amma biz fikirləşirik ki, o yolun Qəbələdən keçən bir hissəsini qət edənlərin İtaliya paytaxtına çatmağa nə tabı-taqəti, nə də həvəsi qalar.
Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, söhbət Azərbaycanın turizm məkanlarından biri olan Qəbələ rayonunun Vəndam qəsəbəsi Rusyan yaşayış massivindən gedir. Dağlar qoynunda yerləşən bu məkanı az qala bütün dünyaya “Yeddi gözəl” şəlaləsi tanıdıb. Şəlalə magistral yoldan 3.5 km aralıda olsa da, oraya gedib çıxmaq müşkül məsələdir.
Turistlərin bol olduğu yay mövsümündə hər gün azı beş min adamın keçdiyi yoldan qalan vaxtlarda 500-800 insan istifadə edir. Elə təkcə Rusyanda təxminən 250 yaşayış evi var. Ətraf kəndləri, istirahət mərkəzlərini də nəzərə alsaq, sakinlərin sayı turistlərin sayına tən gəlir. Təmirsiz, bərbad halda olan yolu isə nə piyada, nə də avtomobillə qət etmək asan deyil. Hətta buraya turist daşıyan şirkət maşınlarının sürücüləri avtomobillərinin amortizasiya xərclərini azaltmaq üçün “çarə” də tapıblar. Müəyyən yerə qədər gətirilən turistləri Rusyana yaşayış massivinin sakinlərinin “şəlalə taksisi” adlandırdıqları nəqliyyat vasitələri çatdırır.
Rusyanlılar üçün qazanc mənbəyi olsa da, bu “çarə” nə yerli, nə də xarici turistlərin ürəyincədir. Çünkü bu kələ-kötür yolu taksilər 10 manata aparır.
Yayda toz, qışda gölməçələr və palçıqdan bol olan yoldan istifadə eləməyə isə insanlar sadəcə məcburdurlar: alternativ yoxdur. Çox zaman yolun vəziyyətindən bixəbər olan qonaqlar maşınlarını yarı yolda saxlamalı olurlar.
Burada fəaliyyət göstərən istirahət mərkəzlərinin nümayəndələri də deyirlər ki, yolun narahat olması gələn turistlərin sayına ciddi təsir göstərir. “Yeddi gözəl” nə qədər möhtəşəm olsa da, yolun bir dəfə “daddırdığı” məşəqqəti ikinci dəfə yaşamaq istəmirlər.
Vəndam bələdiyyəsindən bildirdilər ki, keçən il yol əsaslı təmir edilib, ancaq sonradan yağış, sel yenə də dağıdıb. Yolun ciddi təmirə ehtiyacı olduğunu onlar çox gözəl bilir və etiraf edirlər, “əmma” isə “buna imkanlarının çatmamasıdır”.
Yol – mədəniyyətdir. Onun təmizliyi, abadlığı yerləşdiyi yaşayış məntəqəsinin sakinlərinin rifah halının göstəricisidir. Təəssüf ki, yollarımız heç də həmişə yaşayış tərzimizi “çəhrayı tonlarda” əks etdirmir.