Ev Turizm Xəbərləri Avropanın ən ecazkar məkanları

Avropanın ən ecazkar məkanları

Avropa

Norveç adalarının yuxarısında Arktik dairədən Rumıniyanın başı qarlı dağlarına, Uelsin qumlu sahillərindən Balkanların buzlu suyu olan göllərinə qədər Avropanın ən ecazkar məkanları CNN-in reportajında yer alıb. Bu təbiət möcüzələri turistlərin sevimli səyahət yerləridir.

AZƏRTAC həmin məkanları oxucuların diqqətinə təqdim edir.

İnari gölü, Finlandiya

Arktik dairəsindən yuxarıda və Finlandiyanın Rusiya ilə sərhədində yerləşən İnari gölü bütün ilboyu cənnəti xatırladır. Qaranlıq, qarşı qış Şimal üfüqünü seyr etmək istəyənlər üçün ideal şəraitdir. Gölün üçzolaqlı sahili qışda çəhrayı rəngə boyanır, yayda isə gölün sularında üzmək mümkündür. Yerli Syami mədəniyyətinin məqkəzi olan bu ərazidə finlərin ənənəvi ayinləri də keçirilir.

Göl romantik səyahət həvəskarları üçün ən yaxşı istirahət məkanlarından biri hesab olunur.

Lofoten adaları, Norveç

Hündür qüllələri olan qəsrlər, dərin uçurumlar və kəndlərin gözəl mənzərəsi Şimalın rəmzi sayılan Lofoten adalarına xüsusi gözəllik verir. Yeddi adadan ibarət olan bu arxipelaq (Austvågøy, Flakstadøy, Gimsøy, Moskenesøya, Røst, Værøy and Vestvågøy) təbiətin “bakirə” gözəlliyinin toxunulmaz qaldığı və dənizin sehrli, dumanlı sakitliyi ilə səmadakı buludların sanki birləşəcəyi bir mənzərə yaradır.

Mülayim suları və körfəz axını sayəsində Norveçin bu arxipelaqı yay ayılarında isti olur və adaları əhatə edən dəniz sularında günbatana qədər üzmək mümkündür.

Unst, Şetland adaları, Şotlandiya

Britaniya adalarının şimalında yerləşən Unst adası da vəhşi gözəlliyini qoruyub saxlayır. Onun sahilləri balıqqulağı qalaqları ilə doludur. Buradakı böyük skualar, habelə quların köçü zamanı qayaların üzərində səmanın görünməz olması diqqəti çəkir. Adaya səyahət edənlər sanki vikinqlər dövrünün ab-havası ilə rastlaşırlar. Qədim vikinq tayfaları məhz bu adalarda məskunlaşıb və İngiltərəyə hücumları həyata keçiriblər. Burada arxeoloqların aşkar etdikləri qədim vikinq abidələri turistlərin böyük marağına səbəb olur. Adalarda onların ayinləri də icra olunur.

Zaqori, Yunanıstan

Yunan adaları ecazkar mənzərələri və qızmar dəniz sahilində istirahəti sevənlər üçün ideal məkandır. Onların arasında ən gözəl olanı isə Avropanın sıldırım qayalı dağların yaxınlığında yerləşən Epirus bölgəsindəki Zaqori adasıdır. Adadakı Vikos dərəsinə enmək səyahətçilərə mükəmməl bir ekskursiya vəd edir. Buradakı qarlı zirvəsi olan Astrakas dağı günbatanadək bəyaz işıq saçır. Ada Yunanıstanın həm isti dəniz suyu və qızmar qumu, həm də qarlı dağ mənzərəsinin vəhdəti olan ən ecazkar guşələrindən biridir.

Zaqorinin dağətəyində daş körpüləri, xüsusən Kipi kəndinə yaxın üç tağlı Kaliqeriko abidəsi bu gözəl mənzərəni tamamlayır.

Yorkşir-Deylz Milli Parkı, İngiltərə

Yorkşir-Deylz Milli Parkının mənzərəsi İngiltərə təbiətinin bir simvolu sayılır.

Çay daşları ilə döşənmiş dar cığırlar heyrətamiz macəra axtarışında olan velosipedçilərin sevimli yeridir, palçıqlı təpələrdə isə şimal ölkələrindən gələn səyahətçilər gəzməyi sevirlər. Burada ilin bütün fəsilləri sanki dumanlı və çiskinli payız havası təəssüratı yaradır. Malham Cove və Fordalı Scar geoloji möcüzələri 1954-cü ildə yaradılmış Milli Parka xüsusi gözəllik verir. Kiçik çaylar və York vadisindən yuxarıya aparan təpələr Pennin su ayrımına qədər uzanır.

Britaniya adalarının ən səfalı guşəsi sayılan Yorkşir-Deylz Milli Parkının yaxınlığından keçən Midlend dəmir yolu xətti turistləri qədim Ribblhed körpüsünə qədər çatdırır.

Apuseni dağları, Rumıniya

Karpat sıra dağlarının bir hissəsi olan Apuseni Şərqi Avropanın zəngin tarixinin bir hissəsini özündə qoruyub saxlayır. Bu dağlar sıx meşələrlə əhatə olunub və aşağıda axan gur çayların üzərində qədim mağaralar mövcuddur. Lakin ərazinin toxunulmamış təbiəti sevən səyahətçilər üçün ən böyük özəlliyi şam ağaclarından ibarət olan və şəffaf çayların axdığı dağ ətəklərinin təmiz havasıdır.

Dağların zirvəsinə yaxın termal sular da diqqəti cəlb edir, vəhşi təbiətin daha bir əlaməti isə burada canavarların və digər vəhşi heyvanların çox olmasıdır.

Luara vadisi, Fransa

UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Luara vadisi Fransanın mərkəzində yerləşən eyniadlı çayın sahilindədir. Bu vadi üzüm bağları və qədim qəsrləri ilə seçilir. Onların arasında klassik hasarları, yaraşıqlı qüllələri, səliqə ilə salınmış bağları və qayıqlı göllər olan Şambord və Şenansö qəsrləri daha məşhurdur.

Luara vadisində olan turistlərə üzümlükləri gəzdikdən sonra burada istehsal olunan şərablar təklif olunur, onların yüksək keyfiyyəti isə təklifdən imtina etmək şansını sıfıra endirir. Belə ki, şərabçılıq bu ərazidə hələ Roma İmperiyası dövründən əsas məşğulluq sahəsi olub. Versal sarayının tikintisindən əvvəl də Fransa kralları bu vadidə istirahət etməyi sevirdilər.

Pikos-de-Europa, İspaniya

İspaniyanın şimalında və Pireney yarımadasının sahilində dağların əhatəsində yerləşən Pikos-de-Europa (Avropanın zirvəsi) alpinistlər, uca dağ zirvələrini və sıldırımlı qayaları sevənlər üçün ideal məkandır. Asturiya, Kantabriya və Leon əyalətlərinin ərazisində olan bu silsilənin ən hündür nöqtəsi isə Torre-de-Serredo zirvəsidir.

Pikos-de-Europa dəniz sahilindən cəmi 20 kilometr aralıdadır və buradakı qədim mağaralardan mavi sulara ecazkar mənzərə açılır. Piyada səyahət etmək istəyənlər üçün daha uyğun olan bu yerlərdə qədim tarixi abidələr də var. Dağlarda flora və faunanın nadir nümunələrinə (İberiya canavarı, ispan keçisi, kantabriy ayısı, dağkeçisi) rast gəlinir. Onları mühafizə etmək məqsədilə UNESKO-nun Dünya Biosfer Ehtiyatları Siyahısına daxil edilmiş eyniadlı Milli Park da yaradılıb.

Adelboden, İsveçrə

Bern Kantonunda yerləşən və Frutigen dairəsinin tərkibində olan Adelboden İsveçrənin ən səfalı guşəsidir. Qar xizəkçiliyi trasları ilə məşhur olan bu ərazidə tez-tez qış idman növləri üzrə yarışlar keçirilir. Vadinin ən hündür nöqtəsində Alp dağlarının zirvəsinə qədər uzanan buz təbəqəsi mövcuddur. Səyahətçilər burada xizəklər, xüsusi geyim, qarın bəyaz parıltısından qorunmaq üçün eynəklər əldə edərək həyatlarının ən gözəl gəzintisinə çıxa bilərlər. Şam meşələri və donmuş çaylar möhtəşəm qş mənzərəsi yaradır. Gecələr isə ulduzlarla dolu səmanın fonunda romantik bir mənzərəni seyr etmək olar.

Adelboden Avropa və dünyanın müxtəlif ölkələrindən qış turizmi, xizəkçiliyi sevənlər üçü ən uyğun istirahət məkanıdır.

Henne Strand, Qərbi Yutlandiya, Danimarka

Şaxtalı qış mənzərələrini, vikinqlərin qədim irsini və şimal səmasından süzülən işıq selini görmək istəyən səyahətçilər üçün Avropanın daha bir ecazkar məkanı Yutlandiya yarımadasının qərb sahilində yerləşən Henne Strand adlanan ərazi ən münasib məkandır. Yay aylarında burada qum dənələrindən bəzən kiçik qum adaları da formalaşır. Gil və əhəng tərkibi olan sahil isə yarımadanın bu hissəsinə xüsusi romantik ab-hava qatır. Burada ərazinin cəmi 9 faizi meşələrlə örtülüb, amma 8 bol məhsul səbəbindən balıqçılıqla məşğul olanlar üçün ideal şərait mövcuddur.

Henne Strandın yaxınlığındakı Filso gölü isə quşların cənnətidir. Ornitoloqlar burada ən nadir quş növlərini tədqiq edirlər.

Bavariya Milli Meşə Parkı, Almaniya

Almaniyanın ən birinci milli parkı olan bu məkan 1970-ci ildə Frayunq-Qrafenau rayonu ərazisində açılıb. Park sonradan genişləndirilərək 24 250 hektara çatdırılıb. O, qonşu Çexiyanın Şumava Milli Parkı ilə bilikdə Mərkəzi Avropa ərazisində ən böyük meşə sahəsidir. Parkın ərazisinin böyük bir hissəsi 1 min metr yüksəklikdə, dağ zirvələrinin əhatəsindədir.

Milli Parkda unikal heyvanlar almi var. Onların arasında bir çox nəsli kəsilməkdə olan canlılar da mövcuddur. Meşə pişiyi, sincab, qara leylək, Sibir xoruzu, vaşaq, porsuq və s. kimi nadir heyvanlar var. Ağacları qış mövsümündə qorumaq üçün ayı, maral və canavarları çəpərlərlə əhatəyə alınmış xüsusi sahədə saxlayırlar.