Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalanandan sonra Xəzəryanı region ölkələrinin əməkdaşlığı yeni stimul alıb. Bizim ortaq dənizimiz həm də ortaq qayğımız deməkdir. Ona görə də “Xəzər dialoqu” forumu bu dənizin qorunub saxlanması və müdafiəsi problemlərinə görə narahat olan insanları birləşdirir.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Konvensiya iştirakçısı olan ölkələrin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən biri barədə danışıb.
-Dmitri İvanoviç, Moskvada “Xəzər dialoqu-2019” adlı XII beynəlxalq iqtisadi forumun işi başa çatıb. Bu unikal sututarın qorunub saxlanması üçün həmin tədbirin əhəmiyyəti nədən ibarətdir?
-Forumun adında “iqtisadi” sözü olsa da, biz hamımız başa düşürük ki, Xəzərin ekoloji sistemi qorunmasa, onun bioloji resurslarının təkrar istehsalı təmin edilməsə, bu dənizin təbii sərvətlərindən istifadə etmək mümkün deyil. Əgər bu işlər görülməsə, Xəzər akvatoriyasının hər hansı hissəsində yaranan böhran həm dənizin özü üçün, həm də onunla həmhüdud dövlətlərin inkişaf perspektivləri üçün böyük fəlakətə çevrilə bilər. Lakin əgər Xəzərin resurslarının qorunması və bərpası üzrə ümumi səylər birləşdirilsə, ölkələrimiz hələ əsrlərboyu Xəzərdə dənizçilik və balıq ovu, neft və qaz hasilatı ilə məşğul ola, turizm sahəsini inkişaf etdirə və ən başlıcası, dövlətlərarası əməkdaşlığı genişləndirə bilərlər. “Xəzər dialoqu” forumunun əhəmiyyəti hakimiyyət nümayəndələrinin, innovasiya şirkətlərinin, “beyin hücumu” prosesində Xəzərin qorunması üzrə kompleks tövsiyələr hazırlayan alim və ekspertlərin potensialını birləşdirməkdən ibarətdir. Keçənilki forumun iştirakçıları tərəfindən qəbul edilmiş qətnamədə nərə balıqları yetişdirilməsindən, Xəzər suitisinin qorunmasından başlamış, dənizdə brakonyerliyə qarşı mübarizəyə qədər çox geniş ekoloji tədbirlər spektri nəzərdə tutulur.
-Siz Azərbaycanla daim əlaqə saxladığınız üçün yəqin ki, Xəzərdə əməkdaşlıqda bu dövlətin rolunu qiymətləndirə bilərsiniz?
-Şübhəsiz, Azərbaycan Xəzərdə müştərək layihələrin ən fəal iştirakçılarından biridir, ekoloji problemlərin həllinə onun töhfəsi isə durmadan artır. Məsələn, Azərbaycan zooloqları Xəzər suitisi üzrə işçi qrupun tərkibinə daxildirlər. Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyası Xəzər dənizinin mineral resurslarının və bioloji müxtəlifliyinin öyrənilməsindən başlamış onun ekosisteminə antropogen təsirin qiymətləndirilməsinə qədər müxtəlif məsələlər üzrə sıx əməkdaşlıq edirlər. Yenicə başa çatmış forumda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri də iştirak edirdi. Şirkət Xəzər şelfində neft hasilatı prosesində hər hansı ekoloji risklərin istisna olunmasında maraqlıdır. Qısa desək, Azərbaycan məsul dövlət kimi bizim ortaq dənizimizin təhlükəsizliyi ilə bağlı bütün layihələrdə qarşılıqlı fəaliyyətin zəruri olduğunu dərk edir.
-“Təhlükəsizlik” anlayışına başqa mövqedən yanaşsaq, Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradılması nə dərəcədə aktualdır?
-Bu məsələnin həllini təxirə salmaq olmaz, çünki Xəzər qeyri-sabitlik mənbələrinə və böhranlı regionlara bilavasitə yaxın ərazidə yerləşir. Dünyada turbulentliyin artması isə yeni-yeni təhdidlər doğurur. Geosiyasi baxımdan Xəzər regionu həm iqtisadi, həm də hərbi-siyasi mənada çox mühüm rayondur. Məhz bu səbəbdən, ABŞ və Avropa İttifaqı kimi xarici qüvvələr Xəzəri öz nəzarəti altına almaq istərdilər. Qəbul edilmiş Konvensiyada Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin konturları cızılıb və ona qapalı dəniz statusu verilib. Buna görə, Konvensiyanın iştirakçıları olmayan ölkələrin hərbi gəmilərinin Xəzər akvatoriyasında olması istisna edilir, Xəzərin sahilində isə digər ölkələrin obyektləri, bazaları və hərbi dəstələri olmamalıdır. Bundan əlavə, Konvensiyanın iştirakçısı olan ölkələrin öz ərazilərini Xəzərdə onların qonşularına qarşı hərbi fəaliyyət və təcavüz üçün digər dövlətlərə təqdim etməsi qadağan olunub. Xəzəryanı ölkələrin hər birinin öz hərbi dəniz donanması var. Onların vaxtaşırı keçirilən təlimlərində birgə fəaliyyətin əlaqələndirilməsi və ehtimal edilən hərbi-texniki əməliyyatların detalları sınaqdan keçirilir.
-Axı Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti təkcə silahlı qüvvələr xətti üzrə həyata keçirilmir?
-Təhlükəsizlik çoxfaktorlu anlayışdır. Məsələn, Xəzərdə gəmiçilik güclü külək, toz fırtınası və ya dumanlı hava, həmçinin dənizin buz bağlaması ilə mürəkkəbləşən şəraitdə həyata keçirilə bilər. Buna görə də Xəzər akvatoriyasında gəmilərin təhlükəsizliyini təmin etməkdir. Brakonyerliyə, narkotrafikə, terror təhdidlərinə qarşı səmərəli mübarizə aparmaqdır. Müxtəlif fövqəladə hallara operativ reaksiya vermək zəruridir. Bunun üçün Xəzəryanı ölkələrin sərhədyanı xidmətləri və fövqəladə hallar nazirliklərinin bölmələri təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi, xarici risklərin qarşısının alınması və fövqəladə hallarda yardım göstərilməsi tədbirlərini birlikdə həyata keçirirlər. Xəzər regionundakı ölkələrin heç biri bütün bunları təkbaşına kompleks şəkildə həyata keçirə bilməzdi. Buna görə də Xəzərin təhlükəsizliyinin açarı əməkdaşlıqdır.
-Siz terrorizmin adını çəkdiniz. Xəzər dənizi sahillərində yerləşən dövlətlər üçün bu təhlükə nə dərəcədə realdır?
-Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin çoxunda müşahidə olunan siyasi və sosial qeyri-sabitlik davam etdikcə aktual olaraq qalan terror təhdidi Rusiyanın və onun müttəfiqlərinin təhlükəsizliyinə təsir göstərəcək. Bu vəziyyətdə Xəzəryanı dövlətlərin silahlı qüvvələrinin əhəmiyyəti region hüdudlarından kənara çıxır. Terrordan çəkindirmə funksiyasını yerinə yetirir. Məsələn, Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin qoşunları və regiondakı tərəfdaşlarının bölmələri ilə qarşılıqlı əlaqə saxlamaqla yanaşıdır. Həm də ticarət yollarının və neft yataqlarının mühafizəsini təmin edirlər. 2015-ci ilin payızında döyüş gücünün tətbiqi çox əyani şəkildə nümayiş etdirildi. O vaxt Xəzər dənizi akvatoriyasından havaya qaldırılan 26 ədəd “Kalibr” qanadlı raketi 1500 kilometrdən artıq məsafədə Suriya terrorçularının obyektlərini məhv etdi. Terrorizmə və ekstremizmə qarşı mübarizədə Rusiyanın əsas müttəfiqlərindən biri olan Azərbaycan MDB-nin cənub cinahında və Yaxın Şərqdə təhlükəsizliyi təmin edir.
Çox mühüm bir fikri hamının diqqətinə çatdırmaq istəyirəm: Xəzərin resurslarının tədqiqi və mənimsənilməsi ilə bağlı bütün perspektivlər, dənizin bioloji resurslarının qorunub saxlanması və təkrar istehsalı ilə bağlı hər hansı layihələr yalnız o halda reallaşdırıla bilər ki Xəzər dənizi təhlükəsizlik və əməkdaşlıq ərazisi kimi qalsın. Buna görə də Konvensiyanın iştirakçıları olan ölkələrin silahlı qüvvələrinin başlıca vəzifəsi dəyişməz qalır. Bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyini və ortaq Xəzər məkanında bu dövlətlərin müştərək iqtisadi fəaliyyətini təmin etmək.