Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il avqustun 2-də “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bununla bağlı Tədbirlər Planı təsdiq edilib.
Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik edərək deyib: Tarixi-mədəni irsi qorumaq, mühafizə və təbliğ etmək gələcəyimizə olan diqqətdir. Əgər elm müəssisələri tarixi öyrənir, tədqiq edərək üzə çıxarırlarsa, muzeylər də onu yaşadaraq gələcək nəsillərə çatdırır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə bu amili əsas götürərək muzeyşünaslığın inkişafına böyük qayğı göstərmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq tarixi-mədəni irsə və milli dəyərlərə qayıdış siyasətinin tərkib hissəsi olaraq ölkəmizdə geniş muzeylər şəbəkəsi yaradılmış, rayonlarda tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri istifadəyə verilmişdir. Müstəqillik illərində isə Ulu Öndərin rəhbərliyi ilə muzey işi inkişafın yeni mərhələsinə qədəm qoymuş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası yaradılmışdır.
Muzey işinin vacibliyini önə çəkən Ulu Öndər deyirdi ki, “Milli ənənələrimizin, tarixi irsimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu əsasda tərbiyə etmək üçün muzeylər lazımdır”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında muzeylərin yaradılması və inkişafı diqqətdə saxlanılır. Ən qədim insan yaşayış məskənlərinin və tarixi abidələrin mövcudluğu, dünya tufanı və Nuh peyğəmbərlə bağlılıq, 5-7 min illik şəhərsalma mədəniyyəti, sənətkarlığın inkişafı Naxçıvanda Azərbaycan xalqının böyük tarixi-mədəni irsinin, milli dəyərlər və adət-ənənələr sisteminin yaranmasına, bununla yanaşı həm də muzeylərin formalaşmasına səbəb olmuşdur. Muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılmış, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılmışdır. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir.
Ali Məclisin Sədri deyib: Naxçıvanın müasir inkişafı, xüsusilə bütün sahələrdə yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması muzey işinin də dövrün tələblərinə uyğunlaşdırılmasını zərurətə çevirmişdir. Muxtar respublikada məktəb-muzey şəbəkəsinin yaradılması və interaktiv dərslərin keçirilməsi, muzey günlərinin təşkil olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası tədris olunur. Tələbələr muzeylərdə açıq dərslərə və praktik işə cəlb olunur. Kadr hazırlığı diqqətdə saxlanılır. Naxçıvan Dövlət Tarix Muzeyinin ötən 95 ildəki fəaliyyəti də muxtar respublikada muzeyşünaslığın inkişafında mühüm mərhələ kimi dəyərləndirilməlidir. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində yaradılan və muxtariyyətin yaşıdı olan bu mədəniyyət müəssisəsi ilk illər Tarix-Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərmişdir. Muzeyin formalaşmasında 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Muzey sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmiş, 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirmişdir.
“Muzeyləri qorumaq hər kəsin vətəndaşlıq borcudur”, – deyən Ulu Öndərin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Dövlət Tarix Muzeyi də mühüm inkişaf yolu keçmişdir. Müstəqillik dövründə muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Tarix Muzeyi üçün yeni bina ayrılmış, aparılan tədqiqat işləri fondu zənginləşdirmiş, yeni şöbələr yaradılmışdır. Bu gün muzeydə xalqımızın qədim və zəngin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır.
Ali Məclisin Sədri deyib: Muzeylərə sadəcə maddi mədəniyyət nümunələrinin saxlanc yeri kimi baxmaq düzgün deyil. Muzeylər həm də elm ocaqlarıdır. Naxçıvan Dövlət Tarix Muzeyi də ötən dövrdə Naxçıvanda tarixşünaslıq elminin inkişafına mühüm töhfə vermişdir. Hazırda muzeydə mühafizə olunan hər bir eksponat ayrıca tədqiqat mövzusudur. Xalq o zaman mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri və zəngin mədəniyyəti olsun. Son illər Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar aparılmış, beynəlxalq konfranslar keçirilmiş, arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş və toplanmışdır. Həmin maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu mərkəz kimi Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Qeyd olunub ki, muzey bir tərəfdən də Naxçıvanın turizm potensialının inkişafına töhfə verir. Hər il minlərlə turist muzeyə ekskursiya edərək tariximiz, mədəniyyətimiz və etnoqrafiyamız haqqında ətraflı məlumat toplayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Muzeyin mənası, əhəmiyyəti xalqın tarixini təbliğ etdirməkdən, mədəniyyətin səviyyəsini göstərməkdən ibarətdir”. Bu mənada Naxçıvan Dövlət Tarix Muzeyi tariximizin və mədəniyyətimizin təbliği, gənc nəslin dəyərlərimizə sədaqət ruhunda tərbiyəsi sahəsində mühüm bir missiyanı yerinə yetirir. Çünki tariximiz gələcək nəsillərə təkcə kitablarda yazılmaqla deyil, həm də muzeylərdə qorunmaqla, nümayiş etdirilməklə öyrədilməlidir. Naxçıvan Dövlət Tarix Muzeyi bundan sonra da tarixi-mədəni irsimizin qorunub saxlandığı mərkəz kimi fəaliyyətini davam etdirməli, elm və təhsil müəssisələri, alim və tədqiqatçılarla, gənclərlə muzey arasında əlaqələr daha da gücləndirilməlidir.
“Müdrik fikirlərin birində deyilir ki, tarix gələcək haqqında elmdir. Bu fikirdə böyük həqiqət vardır. Əgər biz tariximizə sahib çıxır, onu öyrənir və təbliğ ediriksə, deməli gələcəyimiz üçün əsaslı təminat yaratmış oluruq. Naxçıvan Dövlət Tarix Muzeyinin bundan sonrakı fəaliyyəti də keçmişimizi yaşatmaq və gələcəyimizə xidmət amalı olmalıdır” – deyən Ali Məclisin Sədri bu yolda muzeyin kollektivinə uğurlar arzulayıb. Yubiley münasibətilə bir daha təbrik edib.
Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə muzeyin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.
Ali Məclisin Sədri təltifləri təqdim edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi muxtar respublikada muzey işinin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür. Bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulub. Bu sahədə mühüm işlər həyata keçirilib. Son 24 ildə muxtar respublikada müxtəlif profilli 17 muzey yaradılıb. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həmişə diqqət mərkəzində saxlanılır. Muzeylərdə 140 mindən artıq eksponat qorunaraq mühafizə edilir. Bu ilin ötən dövründə muzeylərimizi 584 mindən çox tamaşaçı ziyarət edib. Onlardan 166 mindən çoxu xarici ölkə vətəndaşıdır. Ötən dövrdə muxtar respublika sakinləri tərəfindən muzeylərimizə 5083 eksponat təqdim edilib.
Vurğulanıb ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə göstərilən yüksək qayğının daha bir ifadəsi olmaqla yanaşı, həm də muzey kollektivlərinin, ümumilikdə mədəniyyət işçilərinin əməyinə verilən yüksək qiymətdir. Natəvan Qədimova bu diqqət və qayğıya görə muxtar respublikanın bütün mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov kollektiv adından minnətdarlıq edib. O deyib ki, muzeylərə qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında müxtəlif profilli muzeylərin yaradılması haqqında imzalanan sərəncamlar, Ali Məclis Sədrinin təşəbbüsü ilə mövcud muzeylərin şəraitinin yaxşılaşdırılması və maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Naxçıvan Dövlət Tarix Muzeyi də diqqət və qayğıdan kənarda qalmayıb. Məhz, Ali Məclis Sədrinin təşəbbüsü ilə 2000-ci ilin noyabrında muzey yenidən qurulan indiki binasına köçürülüb. 2007-ci ildə muzey binası əsaslı təmir olunub. Lazımi avadanlıqlarla təchiz olunaraq kollektivin istifadəsinə verilib. Son 20 ildə muzey fonduna 12 minə yaxın eksponat daxil edilib.
Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Nuri Xavər çıxış edərək deyib: “Mən 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsindən məzun olmuşam. Həmin il Naxçıvan Dövlət Tarix Muzeyində bələdçi kimi işə başlamışam. Naxçıvan Dövlət Tarix Muzeyində yaradılan iş şəraiti, gənc kadrlara və muzey işinə göstərilən diqqət qısa zamanda işimin öhdəsində layiqincə gəlməyə imkan verdi. Naxçıvan Dövlət Tarix Muzeyində işləmək həm qürurverici, həm də çətindir. Çünki bu işdə dünyagörüş, dərin bilik tələb olunur. Muzeyimizdəki hər bir eksponat tariximiz, bugünümüz və gələcəyimizdir. Buna görə də mən hər zaman muzey işinin sirlərinə dərindən yiyələnməyi, bu sahədə biliyimi daha da artırmağı özümə borc hesab edirəm. İşimin ən şərəfli tərəfi isə tariximizi yerli vətəndaşlarla yanaşı, dünyanın bir çox fərqli ölkələrindən gələn turistlərə çatdırmaq və təbliğ etməkdir. Bu gün yubiley tədbiri muzey kollektivi üçün ikiqat qürurvericidir. Çünki Ali Məclis Sədrinin Sərəncamı ilə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşlarından ikisi Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaş isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar. “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan əməkdaşlar arasında mənim də adım vardır. Bu, gənc əməkdaş kimi fəaliyyətimə verilən yüksək qiymətdir. Yaradılan şəraitə, eləcə də əməyimizə verilən yüksək qiymətə görə təltif olunan muzey işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığımızı bildiririk”.
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan Dövlət Tarix Muzeyi-95” filminə baxış olub.