Ev Turizm Xəbərləri Basqalda Kamal Qasımovun xatirəsinə sərgi açılıb

Basqalda Kamal Qasımovun xatirəsinə sərgi açılıb

turizm

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Qoruğun sərgi zalında “Kamal Qasımov – 110” sərgisi təşkil olunub. Seminar keçirilib. Bu tədbirlər Böyük Vətən müharibəsi qəhrəmanı, basqallı vətənpərvər Kamal xan Ağarəzi xan oğlu Qasımxanlının (Kamal Qasımov-1909-1941) anadan olmasının 110 illiyinə həsr edilib.

turizm

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Kamal Qasımovun nəslinin nümayəndələri iştirak edib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarixçi Şəfa Mövsümov, İsmayıllı Rayon İcra Hakimiyyətinin Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, basqallı ziyalılar qatılıblar.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli seminarda çıxış edərək Kamal Qasımovun keçdiyi həyat yolundan, ikinci dünya savaşında göstərdiyi qəhrəmanlığından, haqqında çəkilən “Vətən oğlu” filmindən danışıb.

turizm

F.Xəlilli Kamal Qasımovun qardaşı Mahmudun oğlu Xanlar Qasımxanlının Qoruğa hədiyyə etdiyi, 1942-ci ildə on min nüsxə ilə çap olunan “Kamal Qasımov” plakatını bərpa etdirdiklərini və sərgidə nümayiş olunacağını qeyd edib. O, Kamal Qasımovun atası, görkəmli pedaqoq Ağarəzi xan Qasımxanlının oğluna həsr etdiyi “Şəxsi tənqid” romanını yazmasından, romanın indiyə qədər nəşr etdirməməsindən, Qoruğun həmin romanı nəşr üçün hazırlamasından danışıb.

turizm

Fariz Xəlilli həmin romanın əlyazmasını iştirakçılara nümayiş etdirib və Xanlar Qasımxanlıya romanı Qoruğa təqdim etdiyi üçün minnətdarlıq edib.

Rayon icra hakimiyyətinin Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov Kamal Qasımov haqqında Sovet dövründə yazılan əsərlərdən, çəkilmiş filmlərdən danışıb. Şair və yazıçıların Kamal Qasımov haqqında yazılarından sitatlar gətirib. Kamal Qasımovun xatirəsinin Basqalda əbədiləşdirilməsi üçün təklifləri topladıqlarını bildirib.

Tədbirdə iştirak edən qohumu Gülnarə Əliyeva yaşlı nəsillərin Kamal Qasımov haqqında xatirələrini bölüşüb.

turizm

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarixçi Şəfa Mövsümov “Kamalın igidliyi: Basqaldan Pruta” mövzusunda məruzə edib. O bildirib ki, həmin dövrün mətbuatında Kamal Qasımovla bağlı çoxlu yazılar var. O, müharibənin əvvəlində üç gecə ərzində altı əsgərlə Cənub cəbhəsində üç körpü partladaraq düşməni çayın digər sahilində saxlayıb. Kamal Qasımov düşmənlə əlbəyaxa döyüşdə qəhrəmancasına həlak olub. Şəfa Mövsümov Kamal Qasımov haqqında biblioqrafiyanı da təqdim edib.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Nuranə Feyzullayeva Yemelyan Bukovun Kamal Qasımov haqqında şeirini oxuyub. Sevinc Mirzəyeva isə Ağarəzi xan Qasımxanlının romanından Basqal haqqında qeydləri səsləndirib.