Bakıdan Santa-Klausun vətəni sayılan, nağıllar diyarı Laplandiyaya Yeni İl turu var imiş.
Axar.az-ın yerli turizm saytlarına istinadən verdiyi məlumata görə, 2020-ci ili Skandinaviya ərazisində qarşılamaq istəyənlər adambaşı azı 2200 manat xərcləməlidir.
Bu məbləğə 8 gün dördulduzlu oteldə gecələmək, aviabilet, qidalanmaq, viza dəstəyi daxildir.
Lakin viza rüsumunun xərci ayrıdır.
Beşulduzlu oteldə qalmaq istəyənlər 4000 manata yaxın xərc çəkməlidir.
Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxtı Rovaniem şəhəridir.
Bakıdan Laplandiyaya birbaşa uçuş yoxdur. Moskva-Helsinki reysindən istifadə etməlisən. Helsinkidə isə bileti özün almalısan.
Burada qış mövsümü oktyabrın əvvəllərindən başlayır. Ayın sonunda isə hər tərəfi ağ qar bürüyür. Qışda soyuq 30 dərəcədən yuxarı olur. Amma şaxta çox da sərt deyil.
Qışda hava səhər saat 11.00-da işıqlanır; 15.00-dan sonra isə yavaş-yavaş qaralmağa başlayır. Bütün gün alatoranlıq olur.
Meşələrdə gəzmək qorxulu deyil. Hər şey nağıllardakı, cizgi filmlərindəki kimidir. Heyvanlar insanlardan qorxmur. Meşədə gəzişdikcə dovşan, tülkü, başqa vəhşi heyvanlar yanından keçir…
Laplandiya əhalisi iki hissəyə bölünür: şəhər və kənd camaatı. Kənd əhalisinin ən böyük məşğuliyyəti fermalarda işləməkdir. Həm də meşələrdə giləmeyvələr və digər tərəvəzlər yetişdirirlər.
Laplandiyada insanlar avtomobildən çox maral və it qoşqularından istifadə edirlər. Buna görə də yollarda avtomobili sürətlə idarə etmək qadağandır.
Əfsanələrə görə, Santa Klaus Laplandiyada, Rovaniemidən 170 kilometr aralıda, Kopke Korvatunturi kəndində doğulub.