Azərbaycanda artıq 7 ildir fəaliyyət göstərən”Şahdağ” istirahət mərkəzi turistlərə dağ-xizək və digər qış idman növləri üzrə xidmət edir. Bu xidmət, rəqəmlərdən də göründüyü kimi, öz ətrafına geniş insan kütləsi toplaya bilib. Bu barədə danışan marketinq direktoru Rauf Cahangirov açıqlama verib ki, mərkəzin ərazisində dünya standartlarına cavab verən restoran və SPA mərkəzlərilə var. Həmçinin 4 növdə 15 ədəd kanat xətti-asma buraz yolları, xizəkçilik, snoubord mərkəzi fəaliyyətdədir. Kanat yolları turistlərə bir neçə formada-oturacaqlı, budel, xalça və qondola formasında təklif olunur. Effekt göz qabağındadır. Gələn qonaqlar idmanın bu növünə xüsusi maraq göstərirlər.
Bayram tətili günlərində həm yerli, həm də əcnəbi turistlər dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən Şahdağda hər növ qış əyləncələrindən bəhrələniblər. Mövsüm ərzində bu əyləncələr gələn qonaqların istifadəsində olacaq. Turistlər həmçinin 2351 metr hündürlükdə yerləşən və ölkənin ən hündür nöqtəsində yerləşən dünya standartlarına cavab verən restoranın xidmətindən və digər qış əyləncələrindən istifadə ediblər.
“Şahdağ“da qiymətlər həmişə maraqlı olub. Aldığımız məlumata görə, otellərdə qiymətlər 1 gün üçün 2 nəfərlik səhər yeməyi daxil olmaqla 110 manatdan başlayır. Kanat yola giriş 1 nəfər üçün həftəiçi 10, uşaqlar üçün 7, həftəsonu isə böyüklər üçün 15, uşaqlar üçün isə 10 manat təşkil edir. Xizəklə sürüşmək həftəiçi 1 nəfərə 25, sonu isə 30 manata başa gəlir. Müşahidələrimiz onu da göstərir ki, “Şahdağ“da restoran və kafelərdə qiymətlərin bahalığı turistlərin əsasən Qusar şəhərindəki istirahət mərkəzləri və restoranlara ayaq açmasına gətirib çıxarıb. Bayram günlərində Qusarın restoran və turizm mərkəzlərində yaşanan insan sıxlığı belə deməyə əsas verir. Ümumiyyətlə, şimalda yerləşən bu dağ kurortu bölgədə sosial-iqtisadi durumun daha da yaxşılaşmasına səbəb olub.