İsrail Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini tam dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik yanvarın 24-də keçirdiyi mətbuat konfransında deyib.
C. Dik vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunacaq razılaşmaya İsrail tərəfi də hörmət edəcək.
Səfir, həmçinin qeyd edib ki, İsrail və Azərbaycan təhlükəsizlik və terrorla mübarizə sahələrində sıx əməkdaşlıq edirlər. İsrail ilə Azərbaycan arasında strateji münasibətlərin yüksək qiymətləndirildiyini, bu iki ölkənin dostluğunun hər kəs tərəfindən tanındığını və ona hörmət edildiyini deyən C.Dik bildirib: “Martın 2-də İsraildə parlament seçkiləri keçiriləcək. Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, ölkələrimiz arasındakı əlaqələr inkişaf etməyə davam edəcək. Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir”.
Diplomat vurğulayıb ki, Azərbaycan bütün dinlərə mənsub insanların yan-yana yaşadığı ölkədir. Azərbaycandakı yəhudi icması özünü evindəki kimi hiss edir. Holokostun anım mərasimində ölkəmizin də təmsil olunduğunu bildirən səfir qeyd edib ki, bu, Azərbaycanın İsrail xalqına və dövlətinə münasibətini göstərir.
Bundan başqa, diplomat qeyd edib ki, İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan alır. Ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı 60 min nəfər olub. Bu, 2016-cı illə müqayisədə 5 dəfə artım deməkdir.
Azərbaycanın gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində pavilyonla təmsil olunacağını qeyd edən səfir bildirib. “Azərbaycandan olan nümayəndə heyəti gələn həftə İsraildə kibertexnologiyalar mövzusunda keçiriləcək tədbirə də qatılacaq. Azərbaycanda kənd təsərrüfatı sahəsində İsrailin yeni texnologiyaları tətbiq olunur. Ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm”.