Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Qazaxıstan turizm sahəsində Azərbaycan təcrübəsindən istifadə etmək istəyir.
Qazaxıstanın “Qazax Turizm” Milli Şirkətinin sədr müavini Kayrat Sadvakasov AZƏRTAC-a bildirib ki, ölkəsində Azərbaycana böyük maraq var. Son illər iki ölkə arasında sürətlə inkişaf edən və strateji xarakter alan münasibətlər turizm sahəsinin inkişafına da təsirsiz ötüşməyib. Statistik məlumatlara görə təkcə ötən iki il ərzində Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 50 faizədək artım qeydə alınıb. Qazaxıstanda ölkənizi daha çox əlverişli coğrafi mövqeyinə, hər mövsümə uyğun turizm imkanlarına, dəniz və çimərlik turizminə, tarixi məkanlarına, milli mətbəx və ev sahibliyi etdiyi Avroviziya, Avropa Oyunları, Formula 1 kimi kütləvi yarışlarla xatırlayırlar. Elə bu üstünlüklər Azərbaycana marağın artmasının əsas səbəbləri kimi göstərilir.
Kayrat Sadvakasov deyib: “Bizim vətəndaşları daha çox çimərlik, qastronom turizmi maraqlandırır. Bu səbəbdən də daha çox buna uyğun özlərinə istirahət axtarırlar. Amma tədricən tendensiya dəyişir və indi macəra turizmi önə çıxmağa başlayıb. Qazaxıstandan hər il 11 milyondan artıq insan səyahət edir. Onlardan çoxu biznes səyahətidir. Yaxşı ki, indi Azərbaycan Hava Yolları bizim ən böyük şəhərimiz olan Almataya uçuşlar təşkil edir və bu gələcək inkişaf üçün stimuldur. Ən çatışmayan cəhət isə yəqin ki, bir-birimiz haqqında informasiya qıtlığıdır”.
Ekspertin qənaətinə görə, informasiya çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, qarşılıqlı şəkildə məlumatlandırma tədbirləri görmək lazımdır.
“Hesab edirəm ki, biz öz turoperatorlarımızı Azərbaycana göndərməli, sizin turopeatorlar isə bizim ölkəyə gəlməlidir. Eyni zamanda, mediaturlar təşkil etmək, turizm sahəsindən yazan bloqqerləri dəvət etmək lazımdır. Biz informasiya turlarına qatılmaq istəyən Azərbaycan turoperatorlarını dəstəkləməyə hazırıq. Ötən il Azərbaycanda olduq və Bakını çox sevdik. Həm iqlimi əlverişlidir, həm də tarixi yerləri və Xəzər sahili çimərlikləri var. Bu dənizsevərlərə də yaxşı imkanlar açır. Həmçinin Naftalan haqqında eşitmişəm və bizim qazaxıstanlı turistlərə səhiyyə turizmi, Naftalan çox maraqlıdır. Hazırda Türk Şurası çərçivəsində həyata keçən “İpək yolu” layihəsində turizm sahəsində Qazaxıstanın Azərbaycanla sıx əməkdaşlığı var. Düşünürəm ki, bu ideyanı davam etdirmək lazımdı. Biz Azərbaycanla və digər türkdilli ölkələrlə işləməyə hazırıq. İpək yolu üzərində 34 ölkə var. Bu, İndoneziyadan tutmuş İtaliyaya qədə geniş bir arealı əhatə edir”,-deyə “Qazax Turizm” Milli Şirkətinin sədr müavini deyib.
Onun sözlərinə görə, ortaq tarixi köklər, mədəniyyətin və milli adət-ənənələrin bənzərliyi də qazaxıstanlı turistləri Azərbaycana cəlb edən amillər sırasındadır. Ekspertin qənaətinə görə, Azərbaycan turizm baxımından digər qonşularına nisbətən daha böyük potensiala sahibdir.
Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı vizasız rejim haqqında sazişə dəyişikliklər barədə protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Qazaxıstan vətəndaşları bu ölkələrin ərazisində 30 gün ərzində qeydiyyatsız qala, 90 gün ərzində isə vizasız yaşaya bilərlər.