Ev Turizm Xəbərləri İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq

Turizm

Prezident İlham Əliyev fevralın 27-də İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlanıb. Həyata keçirmək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Xarici İşlər nazirliklərinə tapşırılıb.

Sərəncamda qeyd edilir ki, İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.

Bildirilir ki, İçərişəhər ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb. 1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.

Hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu “muzey-şəhər” ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında Ümumdünya İrs Siyahısına salınması onun ümumbəşəri dəyər kimi qəbul edilməsinin və layiqincə qiymətləndirilməsinin göstəricisi olub. Eyni zamanda, Azərbaycanın UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verib. Ötən müddət ərzində İçərişəhərdə vahid idarəetmə sistemi yaradılıb, buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmaqla, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilib. Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülüb. Yeni muzey ekspozisiyaları açılıb, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənib.