Ev Turizm Xəbərləri Türkiyədən Naxçıvana gəlmiş azərbaycanlı: “Kazarmadayıq. Dünən sağlam gəlmişdim, indi qızdırmadan yanıram”

Türkiyədən Naxçıvana gəlmiş azərbaycanlı: “Kazarmadayıq. Dünən sağlam gəlmişdim, indi qızdırmadan yanıram”

azərbaycanlılar

“Burada bizə zülümdür. Elə bilin, bizi həbsxanaya salıblar”, bu sözləri martin 25-də Türkiyədən Naxçıvana gəlmiş azərbaycanlılardan biri deyir.

Onun sözlərinə görə, 160-a yaxın azərbaycanlı hazırda hərbi hissəyə yerləşdirilib, ancaq bu rəqəmi rəsmən təsdiqləmək mümkün olmayıb.

Onlar vaxtlı-vaxtında yemək verilmədiyini, su olmadığını, maska, əlcək, spirt verilmədiyini və bir çox adamın bir kiçik otaqda saxlandığını iddia edirlər.

BBC News Azərbaycancaya danışan vətəndaşlar daha yaxşı şəraiti olan bir yerə köçürülmələrini istədiklərini bildiriblər.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan hələlik şərh almaq mümkün olmayıb.

Azərbaycanda Covid19 koronavirusundan 3 nəfər ölüb. Hazırda 104 aktiv koronavirus xəstəsi nəzarət altındadır.

Azərbaycanın İran, Türkiyə, Rusiya kimi ölkələrlə sərhədi bağlıdır.

Lakin rəsmilər bildirir ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün müxtəlif çarter reysləri təşkil edilir və bu günə qədər ümumilikdə10 min nəfərə yaxın şəxs ölkəyə gətirilib.

Türkiyədə, İstanbul hava limanında günlərdir təxliyə edilmələrini gözləyən bir qrup azərbaycanlı isə İğdıra gedərək martın 25-də Naxçıvana keçiblər.

“Bir həftə daşın üstündə yatdıq”

BBC News Azərbaycancaya danışan, hazırda Naxçıvanda olan Bakı sakini deyir ki, Türkiyədə təhsil alan qızının yanına gedib.

Lakin koronavirusla bağlı xəbərlərdən sonra İstanbulda hava limanına gəlib. O, bir həftə boyunca burada gecələdiyini, amma onlarla maraqlanan olmadığını bildirir.

“Bir həftə daşın üstündə yatdıq, sonra aksiya keçirdik. Azərbaycanlı iş adamları bizi üç gün otelə yerləşdirdi, biz xahiş etdik ki, sərhədi keçməyə kömək etsinlər”, o deyir.

Vətəndaşlar iki avtobusla İstanbuldan İğdır sərhədinə gəliblər.

“Bizi yoxladılar və dedilər ki, axşama kimi oteldə gözlədəcəyik, axşam isə təyyarə ilə Bakıya aparacaqlar. Amma gətirdilər əsgərlərin yanına”, o deyir.

Onun sözlərinə görə, qadın və uşaqların sayı 25-dir və onların hamısı bir kiçik otaqda saxlanırlar.

“Gecə səhərə kimi üşümüşük. Bir hamburger və bir çörək veriblər. Səhər-səhər də apardılar ki, səhər yeməyi verəcəyik, balaca parça pendir və bir az çörək verdilər”.

Müsahibimiz deyir ki, gecə çox soyuq olduğu üçün karantindəki qadınlardan bir neçəsinin halı pisləşib, təcili yardım çağırmalı olublar.

O, aidiyyatlı qurumlara zəng vursalar da, bir cavab ala bilmədiklərini deyir.

“23 nəfər balaca bir otaqdadır, kim xəstədir bilinmir. Xəstə olmayan da burada xəstəlik tuta bilər. Qorxa-qorxa yaşayırıq ki, görəsən hansımız xəstəyik”.

“Kazarmadayıq”

“Nə yemək var, nə içmək, nə də su. 159 nəfərə 90 çarpayı var. Gecə soyuq olub, çox uşaq soyuqlayıb. Hər yerə zəng vurmuşuq, bizə baxan yoxdur”, eyni yerdə saxlanan digər vətəndaş deyir.

O, dünən sağlam olsa da, hazırda vəziyyətinin yaxşı olmadığını qeyd edir.

“Kazarmadayıq. Dünən sağlam gəlmişdim, indi qızdırmadan yanıram, öskürürəm, burnum axır. Dünən həkim istədim, Əsgərlər dedilər bu sənə sonuncu xəbərdarlığımızdır, səndən bir də şikayət gəlməsin”, o deyir.

Astma xəstəsi olduğunu deyən bu şəxs dərmanının olmadığını, boğaz ağrısından gecəni yatmadığını bildirib.

Bu məsələlərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan və TƏBİB-dən hələ ki, şərh almaq mümkün olmayıb.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Rəsmi məlumata görə, bu günədək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10 000-ə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilib.

Onların tibbi müayinədən keçirildiyi və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirildiyi bildirilir.

Bakıda və müxtəlif bölgələrdə karantinə yerləşdirilmiş vətəndaşlar şəraitdən tez-tez şikayətlənib.

İstanbuldan avtobusla Naxçıvana göndərilən azərbaycanlı: “Hamı gözləyir ki, gömrükdə necə olacaq”

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli mətbuatda yayılan müsahibəsində sosial şəbəkələrdə karantin şəraitindən narazılıq edənlərə cavab verib.

O deyib ki, “hər şeyə obyektiv baxmaq lazımdır və karantin sanatoriya deyil”. Heç kim elə qəbul etməsin ki, o bura istirahətə gəlib, onun üçün pulsuz turizm imkanlarıdır… Qlobal bir bəladır. Bəzi dövlətlər bunu qlobal müharibə kimi xarakterizə edirlər. O müharibə ki, burada düşmən belə görünmür”, cənab Hacıyev deyib.

O qeyd edib ki, vətəndaşlar hər məsələdə bəhanə, problem axtarmaq kimi yanaşmadan kənar durmalıdır və dövlətin yanında olmaq lazımdır.