Zəmanətsiz rezervasiyanı hər an dayandırmaq mümkündür. Çünki buna görə turist pul ödəmir. Zəmanətli rezervasiyada isə turist pul ödəyir
Gezmeli.az Sputnik-ə istinadən xəbər verir ki koronavirusun yayılmasına görə Azərbaycandan xaricə və əks istiqamətə erkən rezervasiyalar 100 faiz ləğv edilir.
Bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) icraçı direktoru Əhməd Qurbanov məlumat verib. O bildirib ki, azərbaycanlılar xarici səyahətlərini təxirə salmağa başlayıblar. Xaricdən Azərbaycana tur paket alanlar da ləğv üçün müraciət edirlər: “Hal-hazırda turizm şirkətləri, otellər erkən rezervasiyaların ləğvi ilə məşğuldurlar. Bizdə olan məlumata görə, bütün erkən rezervasiyalar ləğv edilir. Artıq ləğvetmə 100 faizə çatıb. Turizm şirkətləri və otellər ödənilən vəsaitin geri qaytarılması ilə məşğuldurlar. Koronavirusun yayılması təhlükəsi davam edir. Məlum olduğu kimi, əksər ölkələrlə sərhədlər bağlanıb, uçuşlar, quru və su nəqliyyatı dayandırılıb. Bu vəziyyətin nə vaxtadək davam edəcəyi sual altındadır. Ona görə də hətta avqust ayına olan rezervasiyalar da ləğv edilir. İnsanlar virusa yoluxmadan ehtiyat edərək səyahət planlarını təxirə salırlar”.
Turizm üzrə ekspert Müzəffər Ağakərimov da erkən rezervasiyaların ləğv olunduğunu söyləyib. Ekspert deyir ki, turizmin inkişaf etdiyi xarici ölkələrdə hər il qış mövsümündə yay turizminə endirimlər edilirdi: “Bu isə erkən rezervasiyalara marağı artırırdı. Azərbaycandan da xeyli sayda insan bu endirimlərdən yararlanırdı. Virusun yayılmasına görə artıq həmin şəxslər erkən rezervasiyalarını ləğv etdiriblər. Ölkəmizdə isə erkən rezervasiyalar əsasən beynəlxalq idman yarışlarına görə edilirdi. İdman yarışları dayandırıldığından, bizdə də erkən rezervasiyalar artıq ləğv edilir”.
M.Ağakərimovun sözlərinə görə, erkən rezervasiyaların ləğvində ödənilən vəsait fors-major halı olduğundan 100 faiz geri qaytarılır:
“Biri var, zəmanətli rezervasiya, biri də var, zəmanətsiz. Zəmanətsiz rezervasiyanı hər an dayandırmaq mümkündür. Çünki buna görə turist pul ödəmir. Zəmanətli rezervasiyada isə turist pul ödəyir. Fors-major halı olmadıqda pul depozitdən çıxılır. Amma indiki hal fors-majordur. Yəni depozitlə erkən rezervasiyalar ləğv olunduqda pul mütləq tam qaytarılmalıdır”.