Qatarla səyahət
Avropanı qatarla gəzmək asan olacaq. “Rail Europe” şirkəti fevralın ortalarından Azərbaycanın turizm agentliklərinə rəsmi saytından bilet almaq imkanı verəcək.
Bunu Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış meneceri Aleksis Darn deyib.
Bildirib ki, hazırda “Rail Europe” şirkətinin Azərbaycanda nümayəndəliyi – “SI Travel & Luxury” şirkəti fəaliyyət göstərir. Bunun sayəsində azərbaycanlı turistlər Bakının turizm agentliklərində Avropa qatarlarına bilet alıb, onların haqqını manatla ödəyə biləcəklər:
“Bu, çox rahatdır. Bileti öncədən almaq yola düşməzdən əvvəl vağzalda alınandan ucuz olur. Yenilənmiş sayt işə salınana qədər turizm agentlikləri əvvəllər olduğu kimi, biletləri nümayəndəliyimiz vasitəsilə, yaxud birbaşa “Rail Europe”nin “B2B” saytından (www.raileurope-world.com) da sifariş edə bilərlər.
Avropada qatarlar istər dövlətlər, istərsə də ayrılıqda bir ölkənin regionları, şəhərləri və ətraf qəsəbələri arasında ən geniş yayılmış nəqliyyat vasitəsidir. Bunun səbəbi çoxdur. Dəmir yolu vağzalları adətən şəhərlərin mərkəzlərində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir.