İyunun 23-də videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclası təşkil olunub.
Bu barədə Gezmeli.az-a Dövlət Turizm Agentliyindən bildirilib.
Videokonfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşünü xatırladıb. O, Türk Şurasının dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü təşkil edən ilk beynəlxalq təşkilat olduğunu qeyd edib. Həmçinin əlavə edib ki, bu, türk dövlətlərinin ən yüksək səviyyədə həmrəyliyinin göstəricisidir.
Daha sonra Fuad Nağıyev ilk gündən pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda görülən operativ və çevik tədbirlər haqda məlumat verib. İqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün atılan addımlar haqqında danışıb.
Fuad Nağıyev turizmin pandemiyadan ən çox zərər çəkən sahə olmasını qeyd edib. Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən fevral ayının ikinci yarısından başlayaraq pandemiyanın turizm sənayesinə təsirlərini minimuma endirmək üçün görülən preventiv tədbirlərdən danışıb. Həmçinin sənayenin bərpası üçün görülən tədbirlərdən bəhs edib.
O vurğulayıb ki, turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir.
Fuad Nağıyev, Azərbaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılmasından danışıb. Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.
Sonda Fuad Nağıyev dünya turizm sənayesinin tezliklə öz inkişaf tempinə qayıdacağına ümid etdiyini bildirib. Türk Şurasının növbəti görüşlərinin Azərbaycanda keçiriləcəyinə inamını ifadə edib.
Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın turizm nazirliklərinin, həmçinin təşkilatda müşahidəçi statusa malik Macarıstanın Turizm Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər şəraitində üzv ölkələr arasında turizm sahəsində mövcud əlaqələrdən danışılıb. Turizm üzrə gələcək əməkdaşlıq məsələləri, “Müasir İpək Yolu Turu” birgə layihəsi haqqında müzakirələr keçirilib.