Ev Turizm Xəbərləri Ruslan Quliyev GHTC Prezidenti və İdarə Heyətinə müraciət ünvanlayıb – MƏTN

Ruslan Quliyev GHTC Prezidenti və İdarə Heyətinə müraciət ünvanlayıb – MƏTN

Turizm

AHTTSA prezidenti Ruslan Quliyev GHTC Prezidenti və İdarə Heyətinə müraciət ünvanlayıb.

Gezmeli.az Turizmplus.az -a istinadən müraciətin tam mətnini oxucuların diqqətinə çatdırır:

“Dəyərli həmkarlar, öncəliklə  hər birinizi salamlayır və qlobal dünyanı təhdid altında saxlayan pandemiya dövründə sizə cansağlığı və işlərinizdə mətin olmağı arzulayıram. 
“Qlobal Sağlamlıq hamı üçün” sloqanı ilə çıxdığımız yolda qlobal olaraq, insana yanaşma faktoru fəaliyyətimizin ana xəttini təşkil edir. Eyni zamanda  sülh, humanizm, tolerantlıq prinsipləri təmsil olunduğumuz təşkilatın əsas təməl prinsiplərini təşkil edir.

Vətəndaşı  olduğum Azərbaycan bu prinsiplərin dünyada bərqərar olması istiqamətində 30 ilə yaxındır ki, öz əməli və əqli potensialını ortaya qoymuş və bu istiqamətdə dünya inkişaf tarixinə daima töhfəsini vermək əzmində olmuşdur. Cənubi Qafqazda heç bir qlobal siyasi, iqtisadi, mədəni, humanitar, sosial və digər layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Bütün bu işlər insanların sülh və əmin-amanlıq, rifah və sağlam həyat tərzi içərisində yaşaması üçün böyük bir təminat və qlobal dünyanın ən böyük reallığıdır.
Yalnız Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü təcavüzkar və antibəşəri siyasət bütövlükdə regionu və insanlığı təhdid altında saxlamaqdadır. Bunun nəticəsində Azərbaycan torpaqlarının 20 %-dən çoxu işğal altındadır. Nəticədə 10 minlərlə insan genosid siyasətinin qurbanı olmuş, 1 milyondan artıq insan öz yaşadıqları yur- yuvalarından məhrum olmuşlar.

BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ATƏT PA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və tələblərinə baxmayaraq Azərbaycan tərəfi ilə konstruktiv sülh danışıqlarını aparmaq istəmədiyini nümayiş etdirərək “Qondarma Dağlıq Qarabağ problemi” fonunda Azərbaycanla qarşıdurmanın coğrafiyasını yenə də genişləndirməyə çalışır.
Məlum olduğu kimi, 2020-ci il iyul ayının əvvəllərindən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz bölgəsinə (Qarabağa aid deyil ) – Azərbaycanla  Ermənistan arasındakı dövlət sərhədində təxribat xarakterli hücum həyata keçirdi. Ermənistanın davamlı olaraq həm hərbi, həm də mülki obyektlərə atəş açması nəticəsində 12 hərbi qulluqçu və 1 mülki şəxs həlak olub.

Dünya insanlarının COVİD 19 pandemiyasına qarşı birgə səylər göstərərək, mübarizə apardığı bir dövrdə Ermənistan tərəfindən bu hadisələrin törədilməsi bir daha onu göstərir ki, onlar antibəşəri bir mövqedə dayanır. Humanizmi ayaqlar altına alaraq, öz məkrli simalarını ortaya qoymuşlar. Bu azmış kimi, Amerika, Avropa, MDB-də ictimai fikri yanlış istiqamətə yönəltməklə dağıdıcı təxribatlara əl atırlar. 

Məlumat üçün onu da bildirmək istərdik ki, Azərbaycan diaspora təşkilatları tərəfindən  ABŞ-ın, Avropanın, MDB-nin bir sıra şəhərlərində Tovuz rayonunda baş vermiş hadisələrlə bağlı keçirilən dinc etiraz aksiyalarında iştirakçılar erməni təxribatçılarının provokasiyasına uğramış və onlardan bəziləri vəhşicəsinə döyülmüşdür. Sonrakı günlərdə bu hadisələr – təqib və işgəncələr müxtəlif yerlərdə davam etdirilmişdir. Bununla əlaqədar Azərbaycan hökuməti, dövlət və ictimai sektor nümayəndələri həmin dövlətlərin müvafiq qurumlarına və ictimaiyyətə saysız-hesabsız müraciətlər ünvanlayıblar.

Dəyərli dostlar, əlbəttə ki, GHTC siyası bir platforma deyil, yalnız bir faktı qeyd etməyi özümə borc bilirəm. GHTF 2019 Bakı Forumunda qəbul etdiyimiz deklarasiya özündə “Sağlam həyat tərzi”  ideya və fikirlərini ehtiva edir. Sağlam həyat tərzi həmçinin birgəyaşayış, sülhməramlılıq, humanizm, tolerantlıq deməkdir.
Sizə müraciətimin əsas məqsədi eyni zamanda obyektiv, ədalətli, qərəzsiz olaraq, bərabər əsaslarda bu məsələlərə həssaslıq nümayiş etdirməyinizidir.  Vətəndaşı olduğunuz ölkələrdə ictimai rəy və fikirlərin formalaşmasında azacıq da olsa öz töhfənizi verməyinizi  xahiş etməkdir.

Böyük hörmət və etiramla

Ruslan Quliyev
AHTTSA prezidenti”.