BMT-nin Beynəlxalq Turizm Təşkilatı (UNWTO) 2020-ci ilin yanvar-may aylarında qlobal turizm sektorunun 320 milyard dollar zərərə uğradığını açıqlayıb.
Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, təşkilatın son hesabatında COVID-19 pandemiyası səbəbindən yaranan bu itkinin 2008-ci ilin qlobal iqtisadi böhranından üç dəfə çox olduğu bildirilib.
Hesabatda qeyd olunub ki, cari ilin 5 ayında qlobal miqyasda turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 milyon nəfər, yaxud 98 faiz az olub. Təşkilat əlavə edib ki, iyun-iyul aylarında da bu tendensiya davam edib və yaxın günlərdə daha bir hesabat açıqlanacaq.
UNWTO-nun baş katibi Zurab Pololikaşvilinin sözlərinə görə, bir çox ölkədə ümumi daxili məhsulun mühüm hissəsi olan turizm sektorunun tezliklə açılacaq. Bununla bağlı müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi çox mühümdür. O deyib ki, beynəlxalq turizmin dramatik vəziyyəti milyonlarla insanın gəlir mənbəyinin kəsilməsi ilə nəticələnib. “İndi hökumətlərin qarşısında iki mühüm vəzifə – ictimai səhiyyənin prioritet sahəyə çevrilməsi və turizm sənayesinin bərpası durur”, -deyə baş katib vurğulayıb. Əlavə edib ki, bu sahədə ölkələr arasında əməkdaşlıq və turistlərin etimadını bərpa edilməsi əsas amillərdir.
Bununla yanaşı, ekspertlər qlobal turizmin tam şəkildə bərpasının yalnız 2021-ci ilin ikinci yarısında mümkün olacağını bildirirlər. Onlar hesab edirlər ki, pandemiya ilə əlaqədar risklərin davam etdiyi, səyahət məhdudiyyətləri və sərhədlərin bağlı olduğu bir şəraitdə nikbinlik üçün əsas yoxdur.