COVID-19 pandemiyası iqtisadiyyatın bir çox sahələri ilə yanaşı, turizmə də ağır zərbə vurub. Beynəlxalq uçuşların əksəriyyəti ləğv edilib, turist axını dayanıb, iri şəhərlər, turizm regionlarındakı otellər və asudə vaxtın təşkili mərkəzləri müştəri üzünə həsrət qalıb.
AZƏRTAC xəbər verir ki, Avstriyada milli idman statusu daşıyan dağ-xizək idmanı və qış turizmi ilə bağlı vəziyyət də narahatlıq doğurur. Koronavirus pandemiyası dövründə ölkədə bütün qış idmanı yarışları tamaşaçılarsız keçirilməlidir. Bu qərarın özü də azı üç beynəlxalq yarışa tamaşa etmək üçün gəlməli olan turistlərin itirilməsi deməkdir.
Dağ-xizək mərkəzlərindəki otelçilər və kanat xətləri operatorlarının maraqlarını müdafiə edən təşkilatlar isə qış öncəsi turistlərin cəlb olunması üçün müvafiq reklam aparılmasını və COVID-19 pandemiyası ilə əlaqədar aydın “oyun qaydaları”nın müəyyənləşdirilməsini tələb edirlər.
Avstriyanın tanınmış İşql dağ-xizək mərkəzində fevral-mart aylarında çoxlu yoluxma hallarının qeydə alınması böyük tənqidlə qarşılanıb və bu kimi mərkəzlərin imicinə ağır zərbə vurub. Qarşıdakı mövsüm ərəfəsində İşql və bir sıra mərkəzlər insanların sıx toplandığı məkanlara (bar və kafelər, otellərin əyləncə imkanları) girişi məhdudlaşdırmağı nəzərdə tutur.
İnsbruk Menecment Mərkəzi isə hazırda COVID-19-a yoluxma təhlükəsi ilə bağlı riskləri minimuma endirmək üçün elmi model üzərində işləyir. Model bələdiyyə, turizm qurumları, kanat xətləri operatorları və digər maraq təmsilçiləri üçün risklərin dəyərləndirilməsi və menecmenti tədbirlərini təqdim edəcək. Həmin model əsasında yüksək yoluxma təhlükəsi mümkün qədər erkən aşkarlanmalı və turizm regionlarının fəaliyyətinə maneə törətmədən aradan qaldırılması təmin olunmalıdır.
Qeyd edilməlidir ki, Avstriyanın qış turizmi hər il təxminən 13-15 milyard avro məbləğində dövriyyəyə malikdir. Mövsümün baş tutmaması minlərlə insanın işsiz qalması, şirkətlərin iflası deməkdir. Ona görə də bütün iştirakçı tərəflər qarşıdakı qış mövsümünə ciddi şəkildə hazırlaşırlar.