Ev Turizm Xəbərləri Turizm sektoru 320 milyard dollar itirib – 120 milyondan çox iş yeri...

Turizm sektoru 320 milyard dollar itirib – 120 milyondan çox iş yeri risk altındadır

turizm

Koronavirus pandemiyası qlobal turizm sənayesinə ağır zərbə vurub. İlin ilk beş ayı bu sənaye 320 milyard dollar itirib, 120 milyondan çox iş yeri risk altındadır.

BMT-nin Baş katibi Antonio Quterres avqustun 25-də videomüraciətində deyib ki, turizm qlobal iqtisadiyyatın həcmcə üçüncü yerdə gedən ixrac sektorudur. 2019-cu ildə qlobal ticarətin 7 faizini təşkil edib. “Yer üzündə hər 10 nəfərdən biri bu sektorda çalışır yüzmilyonlarla insanın dolanışığı turizmdən çıxır”, – o söyləyib.

2020-ci ilin ilk beş ayında pandemiyadan dolayı beynəlxalq səfərlər yarıdan da çox azalıb, gəlirlərdə düşüş qeydə alınıb.

Quterres daha zəngin inkişaf etmiş ölkələrin böyük şok yaşadığını, inkişaf etməkdə olan ölkələr, xüsusilə kiçik ada və Afrika ölkələri üçün isə fövqəladə vəziyyət yarandığını vurğulayıb.

Onun sözlərinə görə, bu ölkələrin bəzilərindən ötrü turizm ÜDM-nin 20 faizindən artığını verir.

BMT-nin Dünya Turizm Təşkilatından Sandra Karvaonun sözlərinə görə, 320 milyard dollar 2009-cu ildə – sonuncu qlobal maliyyə böhranının pik dövründə yaşanan itkidən 3 dəfə çoxdur. Brifinqdə bildirildiyinə görə, 2020-ci ildə turizmdən ixrac gəlirləri 910 milyard dollar azalaraq 1,2 trilyon dollara, qlobal ÜDM 1,5 faiz azalaraq 2,8 faizə bərabərləşə bilər. Turizmə bağlı, ərzaq xidməti sektoru daxil, dünya üzrə 144 milyon nəfərin çalışdığı sahələr də risk altındadır.

Dünya üzrə yeni koronavirusa təsdiqlənmiş yoluxmalar 24 milyona yaxınlaşır, 813 mindən çox xəstə vəfat edib.