Ev Turizm Xəbərləri Koronavirus Meksikanın turizm sənayesini viran qoyub

Koronavirus Meksikanın turizm sənayesini viran qoyub

Meksika

Dünyanın ən çox səyahət olunan ölkələri sırasında yeddinci yeri tutan Meksika ölkənin ÜDM-nin təxminən 9 faizini təmin edən turizm sənayesinin tənəzzülündən əziyyət çəkir.

AZƏRTAC xəbər verir ki, Meksikada Karib turizminin incisi sayılan Kosumel bu günlərdə kimsəsiz görünür. Koronavirus pandemiyasından əvvəl mövsüm boyu orta hesabla 21000 ziyarətçi ilə gündə yeddi kruiz qəbul edən adanın çimərliklərində, demək olar ki, özünü günəşə verən heç bir əcnəbi yoxdur. Turizm Departamentinin (Sectur) məlumatına görə, Meksikaya hava yolu ilə gələn turistlərin sayı yanvar-iyul aylarında 57,5 faiz azalıb.

Meksikanın Milli Statistika və Coğrafiya İnstitutu 2018-ci ildə turizmin ölkə ÜDM-nin 8,7 faizini təşkil etdiyini və 2,3 milyon iş yeri yaratdığını bildirir. Meksika 2019-cu ildə Fransa, İspaniya, ABŞ, Çin, İtaliya və Türkiyədən sonra dünyanın ən çox səyahət edilən yeddinci ölkəsi olub. Ölkə keçən il 44 milyon turist qəbul edib, sektorun gəliri təxminən 25 milyard dollar təşkil edib. Bu, hakimiyyət orqanları üçün yaxşı bir il idi, çünki rəqəmlər onların gözləntilərini aşdı.

Turizm naziri Migel Torrukonun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında ölkə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon az xarici turist qəbul edib.

Mexiko da turistlərin olmaması səbəbindən ağır günlər yaşadı. Paytaxtın Ticarət Palatasının, xidmətlərin və turizmin qiymətləndirmələrinə görə, bu təşkilatda qeydiyyatdan keçmiş 200 mehmanxanadan 35-i həmişəlik bağlanıb. Nəticədə 875-ə yaxın insan işsiz qalıb.

Keçən il Meksikanın paytaxtı 14 milyon xarici və milli turist qəbul etmişdi, lakin bu il ziyarətlərin sayı 75 faiz azalıb. Turizm sənayesinin sahibkarları kömək istəmək üçün yerli və federal orqanlara müraciət ediblər. Lakin aparılan danışıqlar nəticə vermədi. Onlar on iki aylıq vergi dondurulması kimi dəstək axtarırlar ki, müəssisələr bərpa olunsun.