Aviabiletlərin qiymətində endirimlər müşahidə olunur.
Bunu Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib. Onun sözlərinə görə, endirimlərə səbəb son günlər açılan yeni istiqamətlərdir:
“Pandemiyanın ən kəskin dövründə bütün istiqamətlər üzrə reyslər dayandırılmışdı. Daha sonra mərhələli şəkildə açılmağa başlasa da, qiymətlər normal satış qiymətlərindən 70%-80% daha baha idi. Bu da onunla əlaqəli idi ki, təyyarələrdə insan sıxlığının qarşısını almaq üçün bütün oturacaqlar satışa verilmirdi. Bundan əlavə reyslərin sayı çox az idi deyə xərcləri qarşılamaq üçün qiymət artımı olmuşdu. Ancaq hazırki vəziyyət də onu göstərir ki, yeni istiqamətlər üzrə uçuşlar bərpa olunduqca qiymətlərdə enmələr müşahidə olunur. Düzdü bu fərq elə də böyük deyil, ancaq gələcəkdə də reyslərin sayı artıqda əvvəlki qiymətlərin qayıtması gözlənilir”.
R. Gəncəliyev qeyd edib ki, hazırda Bakı-İstanbul istiqaməti üzrə AZAL və Türk Hava Yolları xüsusi reyslər həyata keçirir, Antalya, Ankara istiqamətində yalnız AZAL uçuşlar edir. Bu gündən Rusiyanın “Aeroflot” şirkəti oktyabrın birinci yarısına kimi Bakıdan Moskvaya uçuşlar həyata keçirəcək. Minsk və Dubay istiqamətinə isə hər iki ölkənin öz aviaşirkətləri uçuşlar həyata keçirir.